Manşet

İran Azərbaycanla “SOYUQ MÜHARİBƏ”də: Bizi hansı dövlətlər DƏSTƏKLƏYƏCƏK?

İran Azərbaycanla “SOYUQ MÜHARİBƏ”də: Bizi hansı dövlətlər DƏSTƏKLƏYƏCƏK?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycana qarşı artan təhdidləri fonunda rəsmi Bakını müdafiə edəcək güclərin koalisiyaya çevrilməsi belə istisna deyil. Artıq Türkiyənin və Gürcüstanın İranla sərhədlərini bağlaması bunun ilkin işartıları kimi qiymətləndirilə bilər. Eyni zamanda Tehranın ənənəvi düşmənləri olan ABŞ və İsrailin də Azərbaycanı dəstəkləyəcəyi heç kimdə şübhə doğurmur.

7times.az xəbər verir ki, cənub qonşumuz bütün bu addımları hesablamamış deyil, amma isterik şəkildə Azərbaycana əsassız təhdidlərini yağdırmaqdadır. Məsələn, İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi deyir ki, Azərbaycan təhlükəsizlik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın. Xərrazinin sözlərindən belə çıxır ki, kənar güclərə arxayınlaşaraq siyasətimizi yürüdürük. Lakin buna qədər İrana nota verildi, diplomatik yollarla xəbərdarlıq olundu ki, Xankəndinə yük daşımayın, icazəsiz iş görməyin, əvəzində ayətulla Amuli “şirin quyruğu”ndan başladı və getdikcə gərginlik pik həddə çatdı, yəni münasibətləri kəskinləşdirən tərəf İran olub.

İndi Azərbaycanla İran qarşıdurmasında bizə qahmar çıxacaq dövlətlərin olacağını bilən Tehran təhdidin üslubunu dəyişib. Əlbəttə, ilk növbədə Türkiyənin mövqeyi bəllidir. Azərbaycanı bütün növ təhdidlərdən müdafiə edəcəyinə şübhə yoxdur. Bunu həm söz olaraq, həm sənəd olaraq Türkiyə 1 ildir həyata keçirir. Bəs Qərbin mövqeyi nədir?  İlk ağıla gələn ABŞ-dır. Amerika İranla gərgin münasibətlərimizin olduğu bu günlərdə sanki seyrçi mövqedədir. Vaşinqtonda, Pentaqonda bu prosesə yəqin ki, sıradan iki qonşu ölkənin söz və diplomatiya atışması kimi baxmırlar. Tərəflərdən biri (İran) ABŞ-ın düşməni, digəri (Azərbaycan) Birləşmiş Ştatların regionda ən etibarlı və vacib portnyorudur. Azərbaycan Amerika üçün önəmlidir, vazkeçilməzdir. Hələ İranla müharibə vəziyyətindəyiksə, Azərbaycanın önəmi ABŞ üçün daha da artmalıdır. Avropa Birliyi üçün durum dəyərləndirməsi nədir?

Adətən AB-nin aparıcı dövlətləri (Almaniya, Fransa) Amerikanın Şərqdəki hərbi-siyasi düşmənlərinə qarşı çıxmırlar. Çin və İran məsələsində AB-ın mövqeyi Amerikanı hər zaman narahat edir və qıcıqlandırır.  Bəs bu dəfə Avropanın aparıcı dövlətlərinin mövqeyi nə olacaq? Pakistan Ermənistanla müharibədə bizə açıq dəstək verən 3 dövlətdən biridir. Onun İranla bizim davamızda hansı mövqe tutacağı da maraqlıdır. İsrailə gəlincə, İran məsələsində hələlik aktiv müdaxilə etmir. Sadəcə, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin silahlı qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı İranın verdiyi bəyanata cavab verib. Səfir İranın məlum bəyanatlarını axmaqlıq adlandırıb.

Rusiyanın mövqeyi də maraqlıdır. Putin İranla münasibətləri zədələmədən Azərbaycana yəqin ki dəstəyini əsirgəmir, əsirgəməyəcək. Rusiya üçün İranın mövcudluğu lazımdır. Çünki İran olduğu müddətcə, Qərbin hədəfində Rusiya ikinci plandadır. Amma İranın regionda söz sahibi olması, şərtləri diktə edən tərəfə çevrilməsi Moskva üçün arzuedilən deyil. Amma ilk real dəstək Gürcüstandan gəldi. Gürcüstan mediası xəbər verir ki, Tiflis İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyub və bütün yolları bağlayıb. Nəticədə Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb. Bəs özümüz İrana cavab vermək gücündəyikmi?

Söhbət hərbi cavabdan gedir. Azərbaycana hazırda üçüncü ölkə ilə gərgin münasibət sərf etmir. Hələ bu ölkə qonşumuzdursa, heç sərf etmir. Prezident İlham Əliyev İranla hər zaman dinc-yanaşı qonşuluq siyasəti aparıb. Amma İran qırmızı xətləri keçməyə başlasa, bizə bir mərmi belə atsa, o zaman cavabını artıqlamasıyla verəcəyimizə kimsənin şübhəsi olmasın. Cəbrayıl rayonunda başı sığallanan pilotsuz hava maşınlarının və digər texnikaların mövcudluğu da ismarış kimi dəyərləndirilməlidir. İnanırıq ki, bu böhranın aradan qaldırılmasında Azərbaycanın müttəfiqləri, regionda sülh istəyən güclər bizə öz dəstəklərini əsirgəməyəcək. Həmçinin İran da hədə dilindən, gövdəgöstərmək oyunlarından imtina edib, bizimlə normal davranmaq yolu tutacaq. Bəs beynəlxalq şərtlər kimin yanındadır? Dünya birliyi hansı tərəfi üstün tutacaq?

Razi Nurullayev: "Partiyanın adının dəyişdirilməsini də düşünürük"

Razi Nurullayev: “Bu vəziyyət getdikcə dərinləşsə, dünya ölkələri Azərbaycanın yanında olacaq”

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, əvvəla, Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı tərəf deyil: “Heç zaman da əlaqələrin korlanmasını istəməyib. İran isə Azərbaycanın düşdüyü vəziyyəti başa düşmək istəməyib, bir müsəlman dövlətindən dəstək gözləntimizi görmək istəməyib. Ona görə İrana qarşı yaranan bu münasibət təsadüfi deyil, din qardaşlığımız olan ölkə Ermənistanla yaxınlıq edir. İndi İran tərəfi İsrail amilinə diqqət çəkir, axı hələ 1-ci Qarabağ müharibəsi zamanı İsrail faktoru yox idi. Onda da biz İranın dəstəyini görə bilmədik. Əgər Tehran iddia edirsə sizin İsraillə əlaqələriniz yaxşıdır, bizsə onları tanımırıq, o zaman problemi nə ilə əsaslandırırlar? Azərbaycan ərazisində İsrail ordusunun olmasını necə sübut edə bilərsiniz? Yəni 1-ci Qarabağ savaşında İsrail amili olmayıb, amma İsrail ermənilərin müdafiəsinə də qalxmayıb, İran isə işğal dövündə məscidlərdə donuz saxlayan erməniləri dəstəkləyib”.

Beynəlxalq şərtlərə gəlincə, deputat qeyd etdi ki, dünyada İrana münasibət birmənalı deyil: “İranın ABŞ və Avropa ilə münasibətlərində gərginlik var, Rusiya ilə Suriya böhranına görə maraqları toqquşur. Bu səbəbdən İranla dost olan, onun yanında olan bir dövlətin adını çəkə bilmirəm. Ona görə bütün dünya ilə müharibə aparmaq İran dövlətinin xeyrinə deyil, eləcə də eyni dini, eyni mədəniyyəti bölüşən Azərbaycanla da gərginliyə getməsi yaxşı hal deyil. 44 günlük müharibədə demək olar ki, dünya ölkələri işimizə qarışmadı, bir çoxu haqq işimizi dəstəklədi. İndi İranın hava yolunu bizim üçün bağlaması təəssüf hissi doğurmaqla yanaşı, dünya dövlətləri tərəfindən də birmənalı qarşılanmır. Bu vəziyyət getdikcə dərinləşsə, dünya ölkələri Azərbaycanın yanında olacaq. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə aparır, heç kəsə qarşı ərazi iddiası yoxdur və İran Azərbaycanı təxribata çəkmək istəsə, inanmıram ki, hansısa dünya dövləti İran dəstəkləyəcək. Bu mənada baş verənlər fonunda həm Azərbaycan dünyanın rəğbətini qazanır, həm də Ermənistanın İranın yanında dayanması onların haqsız olduğunu göstərir”.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina edirəm” | KONKRET

Qabil Hüseynli: “İranın bölgədə heç bir müsəlman ölkəsi ilə normal əlaqələri yoxdur, heç bir dünya dövləti ilə yaxşı münasibətlərə malik deyil, vəziyyət Azərbaycanın xeyrinədir”

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, beynəlxalq münasibətlərdə ölkələrin götürdüyü öhdəliklər Azərbaycanın xeyrinədir: “İran teokratik rejimi bizə qarşı əsası olmayan iddialar irəli sürür. Üstəlik, geosiyasi məqsədlərini reallaşdırmaq üçün Azərbaycanla söz dueli yaradır və Cənubi Qafqazda strateji maraqlarının olduğunu göstərməyə çalışır. Dünya bu prosesi izləyir və İran rejiminin nə dərəcədə haqsız şəkildə bizi ittiham etdiyini yaxşı görür. Guya biz bölgəyə İsraili gətirmişik, halbuki barmaqdan sovrulub çıxarılmış iddialardır. Prezident İlham Əliyev Arazın kənarında idi və dedi ki, buradayam, dağıdılmış ərazilər görürəm, İsrailin iştirakını təsdiq edən faktlar varsa, təqdim etsinlər”.

Politoloqun sözlərinə görə, İranın irəli sürdüyü iddialar çox gülüncdür: “Onlar vaxtilə neft şirkətlərini nəzərdə tutaraq ABŞ-ı bölgəyə gətirdiyimizi söyləyirdilər. Bu, bizim müstəqil qərarımızdır, nefti kiminlə çıxaracağımızı İrandan soruşmalı deyilik, indi də İsrail məsələsini ortaya atıblar.

İran beynəlxalq sabitliyi pozmaq üçün əlindən gələni edən ölkədir – Suriyada əli qana batmış Bəşər Əsəd rejimini müdafiə edir, Yəməndə husiləri qanuni hökumətə qarşı qaldırır, “Hizbullah”ı maliyyələşdirir, nüvə silahı yaratmaq istiqamətində tədqiqatlar aparır və bu prosesi dayandırmaq üçün ona qarşı sanksiyalar tətbiq olunur. Yəni İranın başı üzərində dolaşan qara buludlar artır. İndi erməni keşişləri ilə qol-boyun olan İran mollaları hansısa bəhanələr gəzirlər. Sadəcə, Azərbaycanın inkişafı İranın gözünə ox kimi girir. İranın bölgədə heç bir müsəlman ölkəsi ilə normal əlaqələri yoxdur, heç bir dünya dövləti ilə yaxşı münasibətlərə malik deyil”. //musavat.com