“Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni bir geosiyasi nizam yaradıb. Bu isə İranın ölkəmizə qarşı aqressiv siyasəti və bununla barışmamasına gətirib çıxarıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İranın aqressiv tonlarına baxmayaraq, Azərbayan prinsipial olaraq öz regional siyasətini uğurla davam etdirir:
“İran artıq Azərbaycana qarşı bütün kartlarını ortaya qoydu və nəticəsiz qaldı. Qonşuluq prinsiplərinə zidd olaraq rəsmi Tehran öz xarici siyasətində Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirdi. Artıq Azərbaycan regional siyasətə yön verən ölkədir və müstəqil şəkildə öz siyasətini qurur. Yaxın tərəfdaşımız və müharibədən əvvəl də, sonra da ölkəmizə hərbi yardımlarını əsirgəməyən İsraillə əlaqələr rəsmi şəkildə üst səviyyəyə qaldırılmalıdır”.
Politoloq İsraildə səfirliyimizin açılmalı olduğunu vurğulayıb:
“İranın son davranışlarından məlum oldu ku, rəsmi Tehran Azərbaycana qarşı İsraili bəhanə edir. Bu gün İsrail müsəlman ölkələri, xüsusilə ərəb ölkələri ilə əlaqələr qurur və siyasi-hərbi əməkdaşlıq edir. Ona görə də Azərbaycanın İsraildə səfirlik açması, müsəlman dünyası ilə Azərbaycan arasında hər hansı problemə yol açmayacaq. Hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi imzalanmalıdır. İsrail də Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır”
Follow @7timesaz