“Rusiya prezidenti Putinlə Ermənistan baş naziri Paşinyanın Moskvada bu il sayca dördüncü görüşü baş tutdu. İki ölkə rəhbərinin bir-birinə ünvanladığı qısa müraciətlərdən görüşün məzmunu barədə ilkin təəssüratlara gəlmək mümkündür”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, görüşdə çox ciddi və ətraflı müzakirəsi tələb olunan məsələlər gündəlikdə olub:
“Belə olmasaydı, Putin Paşinyana onunla “nahar etmək” şansı verməzdi. Putinin qeyri-rəsmi leksionunda nələrin olduğu Paşinyana məlum olmamış deyil. MDB-nin sammitinin yada salınması orada da Ermənistanla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə eyhamdır. Burada Ermənistanın Belarusiyanın ardınca irəli çəkilməsindən söhbət gedə bilər. Vladimir Putin regiondakı ümumi nizamlama prosesinə toxunur və bu halda Qarabağın adını çəkmir. Bu o deməkdir ki, Qarabağ məsələsi artıq Rusiyanı Ermənistan qədər ciddi maraqlandırmır və narahat etmir”.
Müsahibimizin sözlərinə görə, Paşinyanın Moskvaya Putin tərəfindən dəvət edildiyini vurğulaması Qərbdəki havadarlarına bir mesaj idi:
“O, öz xoşu ilə Putinlə görüşmək arzusunda olmadığını bildirmək istəyir və sanki, Rusiyanın caynağından qurtulmaq üçün yardım umur. Qarabağ münaqişəsinin həll olunmaması fikrini irəli atmaqla və bu məsələnin Putinin də qeyd etdiyini deməsi, Ermənistanın baş nazirinin diqqəti digər məsələlərdən ayırmaq üçün manevr etməsi kimi də başa düşülə bilər. Bu, həm də görüşə böyük ümidlə baxan erməniləri sakitləşdirmək üçün ona lazım idi”.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.
Günay Rəsulqızı