Siyasət

Azərbaycanda İran “agent”ləri var? – AÇIQLAMA

Azərbaycanda İran “agent”ləri var? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub. Milli İstihbarat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində, ikisi İran vətəndaşı olmaqla, səkkiz nəfər saxlanılıb. Onlar keçmiş iranlı hərbçini ölkəsinə qaçırtmağa cəhd göstərərkən həbs olunublar. Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə məlumat yalnız indi yayılıb. Bildirilib ki, İran vətəndaşları 30 min dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar.

7times.az bildirir ki, İranın Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejat bir neçə gün öncə Azərbaycanı tərk edib. Bəs ölkəmizdə Ocaq Nejatın yetişdirdiyi İran “agent”ləri varmı?

Məsələ ilə bağlı Sonxeber.az-a politoloq Elçin Mirzəbəyli açıqlama verib.

O, Ocaq Nejatın formalaşdırdığı və İranın Qum şəhərinə göndərdiyi şəxslərin ölkəmiz əleyhinə necə təbliğat apardıqlarını qeyd edib:

“Əslində Türkiyədə İranın casus şəbəkəsinin ifşa olunması faktoru yeni deyil. Bundan öncə də eyni hadisələr baş verib. Sadəcə olaraq, bunula bağlı mətbuata informasiya verilməyib. Təhlükəsizlik baxımından və ikitərəfli münasibətləri kəskin duruma gətirməmək üçün məlumat gizli saxlanılıb.

Azərbaycana gəldikdə isə, bu suallara konkret olaraq müvafiq təhlükəsizlik orqanları cavab verə bilərlər. Biz sadəcə prosesləri müşahidə edən ekspertlər kimi məsələyə münasibət bildirə bilərik.

Əslində İran şəbəkəsinin zaman-zaman ölkəmizdə fəaliyyəti ilə bağlı xüsusi araşdırmaya ehtiyac yoxdur. Bununla bağlı çoxsaylı istintaq materialları var. İslam Partiyasının işi ilə bağlı olan məhkəmə və istintaq prosesində qəti olaraq sübuta yetirilib ki, Azərbaycanda bir qrup şəxslər İranın müvafiq təhlükəsizlik orqanları tərəfindən ələ alınıb və onlar Azərbaycan əleyhinə fəaliyyət göstəriblər.

Düşünürəm ki, belə faktlar yetərincədir. Əgər söhbət Azərbaycan daxilində, ölkənin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qüvvələrdən gedirsə, o qüvvələrin başında dayanan şəxslərdən biri də elə Azərbaycanı bir müddət öncə tərk edən Ocaq Nejatdır.
Onun formalaşdırdığı və buradan İranın Qum şəhərinə göndərdiyi şəxslərin ölkəmiz əleyhinə necə təbliğat apardıqlarını hər kəs bilir. Faktiki olaraq, onlar İranın mövcud rejiminin Azərbaycandakı “5-ci kalon” təmsilçiləri kimi iştirak edirlər.

Əslində geniş araşdırılmaya ehtiyac var. Bir faktı da qeyd edim ki, bir müddət əvvəl müxtəlif bölgələrimizdə, xüsusilə də cənub bölgələrində narkomaniyaya qurşanmış, özlərinin seçdiyi gəncləri İrana aparıb, orada güya müalicə edirlər. Müalicə məsələsini deyə bilmərəm, amma onlar bir neçə il sonra Azərbaycana qayıtdıqda ciddi dəyişikliklərin baş verdiyinin şahidi olmuşam.

Bu şəxslər vaxtilə Azərbaycan dilində normal danışmadıqları halda, orada aldıqları təlimlər nəticəsində rus və ingilis dillərini tam şəkildə mənimsəyib, eyni zamanda İranın mövcud ideoloji təbliğat sisteminin bir parçası kimi çıxış edirdilər.

Düşünürəm ki, bu məsələdə yalnız müvafiq dövlət qurumları deyil, elə Azərbaycan vətəndaşları da özlərinin prinsipial mövqelərini ortaya qoymalıdırlar.

Məlum olduğu kimi, casus şəbəkəsi son dövrlərdə daha aktiv şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərir. Bu baxımdan, onların fəaliyyətinin diqqətlə izlənilməsi, media qurumları və vətəndaş cəmiyyətləri inistitutlarının nümayəndələri tərəfindən ölkənin milli maraqlarının qorunması istiqamətində əsaslı şəkildə bu şəxslərin cavabları verilməli və qarşısı alınmalıdır”.