Siyasət

Paşinyanı xilas etməyəcək “qaçış”: Üçtərəfli görüş niyə baş tutmadı? – ŞƏRH  

Paşinyanı xilas etməyəcək “qaçış”: Üçtərəfli görüş niyə baş tutmadı? – ŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra kapitulyasiya aktına imza atan Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirsə də, digər qisminə əməl etmək niyyətində olmadığını göstərir. Əslində, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, bölgədə diktə edən tərəfin kim olduğunu bəlli edib. Biz bunu Ali Baş Komandan İlham Əliyevin həm müharibə, həm də ondan sonrakı dövrlərdəki çıxışlarında birmənalı şəkildə müşahidə edirik. 10 noyabr üçtərəfli sazişin təşəbbüskarı olan Rusiya isə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması, kommunikasiyaların açılması üçün müxtəlif addımlar atır. Bu günlərdə elə erməni mətbuatı məlumat yaydı ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub. Hətta bu görüş zamanı iki tərəf arasında müəyyən sənədlərin imzalanacağı da qeyd edilirdi. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında videokonfrans formatında görüş olacağını açıqlamışdı.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ermənistan tərəfi bu görüş ərəfəsində növbəti təxribatlarından əl çəkmədi. Belə ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb. Onun Qarabağda “döyüş mövqelərini” ziyarət etdiyi, “mövqelərin gücləndirilməsi” ilə tanış olduğu bildirilir. Eyni zamanda, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Təxribatlardan sonra isə Nikol Paşinyan bəyan edib ki, hər hansı görüşün keçirilməsi nəzərdə tutulmur. Bundan sonra isə Peskov ikinci açıqlamasında videokonfrans vasitəsilə danışıqların aparılması üzərində iş getdiyini, lakin dəqiq tarixin hələ müəyyən edilmədiyini mətbuata bildirib. Bütün bunlar Ermənistanın açıq şəkildə mühüm bir görüşü pozduğunu göstərir. Bu addımı ilə Ermənistan nə etmək istəyir? Rusiyanın bundan sonra atacağı addımlar nədən ibarət olacaq? Proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, bu proseslərin açarı Ermənistanda deyil:

“Ermənistan pozuculuqla məşğuldur və bu, onun köhnə şakəridir, ənənəsidir, adətidir və vərdişidir. Ona görə də, Ermənistana çox da fikir vermək lazım deyil. Ümumiyyətlə, bu dövlət kənardan idarə olunur. Yəni onun özünün daxili rıçaqları əgər varsa belə, onlar o dərəcədə fəaliyyətsizdir ki, heç bir şey etmək mümkün deyil. Görürük ki, onlar bir qayda olaraq ya Rusiyanın, ya Fransanın, ya Amerikanın, ya da kiminsə ayağının altına yıxılırlar. Əlbəttə ki, Ermənistanın buradakı istəyi, deyək ki, “istəmirlər, mövzudan yayınırlar” kimi məsələlər öz ixtiyarında olan məsələ deyil”.

Politoloq qeyd edib ki, Rusiyanın burada rolu gərək özünü əks etdirsin, büruzə versin:

“Çünki Rusiya bu proseslərdə həm də əsas moderatorlardan biridir. Bilirik ki, postmüharibə şəraitində yeni reallıqların formalaşması, oturuşması, daha sonra proseslərin dərinləşməsi olmalıdır. Bu da bütün ölkələrə lazımdır. O cümlədən Rusiyaya, Türkiyəyə, İrana, Gürcüstana, bizə və təbii ki, Ermənistanın özünə də lazımdır. Çünki ən pis vəziyyətdə olan Ermənistandır. Onlar, həqiqətən də, oyundankənar vəziyyətdə qalıblar, özlərini toparlaya və seçim edə bilmirlər”.

T.Abbasov vurğuladı ki, Paşinyan həmin bəyanatda qeyd edilən öhdəliklərdən qaça bilməyəcək:

“Həm də onu qeyd etmək yerinə düşər ki, Ermənistanın aktiv bir mövqedə olmasının təminatçısı kimi Rusiya çıxış edir. Çünki Rusiya, faktiki olaraq Ermənistanı idarə edir və biz bunu bilirik. Rusiyanın da marağında olan odur ki, Ermənistan düşünülməmiş, sağlam məntiqə sığmayan hərəkətlərə yol verməsin. Əgər belə bir addım atarsa, onda Ermənistan özü bu proseslərdən zərər çəkəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev daim onlara xatırladır ki, dəmir yumruq heç yerə getməyib və əgər özünüzü naqolay və nalayiq tərzdə ifadə edəcəksinizsə, dərsinizi növbəti dəfə alacaqsınız. Ona görə də, hesab edirəm ki, indiki məqamda çıxılmaz vəziyyətdə olduğundan, Paşinyan da, onun ətrafı da, belə deyək, guya gurultulu, səksəkə yarada biləcək bəyanatlar verirlər ki, biz hazır deyilik, istəmirik və s. Bu məsələ heç də onların istəyinə bağlı deyil. Ermənistan hakimiyyəti bu məsələnin həllində heç bir rol oynamayacaq. Sadəcə onlara bildiriləcək ki, filan gündə, filan saatda, filan formatda görüş olacaq. Belə başa düşürəm ki, vəziyyətinin mahiyyəti məhz budur”.