Siyasət

Azərbaycanın Türkiyədəki səfiri Bursada bir sıra görüşlər keçirib, tədbirlərə qatılıb

Azərbaycanın Türkiyədəki səfiri Bursada bir sıra görüşlər keçirib, tədbirlərə qatılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Bursaya səfəri çərçivəsində Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş və şəhər şurasının sədri Şevket Orhan ilə birlikdə görüş keçirib.

7times.az xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında mədəni və iqtisadi əlaqələr barədə fikir mübadiləsi aparılıb, Bursada azərbaycanlı tələbələrin təhsilindən söz açılıb. Azərbaycanın Şəki rayonu və Bursanın Osmanqazi rayonu arasında qardaşlaşma əlaqələrinin yaradılması məmnunluqla qeyd olunub.

Bursanın 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar gələn il keçiriləcək tədbirlərə hazırlıq işləri barədə ümumi məlumat verən Böyükşəhər bələdiyyə sədri əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edib.
Böyükşəhər bələdiyyə başçısı vilayətin 18 milyard ABŞ dolları həcmində ixrac potensialına sahib olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycana ixracın artırılması, Azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılması, Bursada fəaliyyət göstərən türk şirkətlərinin Azərbaycana sərmayə yatırması və bu şirkətlərin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə cəlb edilməsi aktual məsələlərdir.

Səfir “Zəfər salnaməsi” kitabını bələdiyyə sədrinə hədiyyə edib.

R.Məmmədov səfər çərçivəsində Bursa Uludağ Universitetinin (BUU) rektoru professor Ahmet Saim Kılavuzla da görüşüb. Görüşdə prorektorlar və bir neçə fakültə dekanı da iştirak ediblər.

Rektor Universitetdə bakalavr, magistr və doktorantura pillələrində 1067 azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsilə məsuliyyətlə yanaşdıqlarını, yüksək davranışlı olduqlarını vurğulayıb.

Səfir rektora BUU-da təhsil alan azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı Bursa Uludağ Universitetinin Azərbaycan universitetləri ilə əlaqələrinin qurulması, ikili diplomların verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfir, həmçinin Bursa Uludağ Universitetinin salonunda Bursada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Tələbələr dinlənilib, onlara aid bir sıra məsələlər yerindəcə Universitet rəhbərliyi ilə müzakirə edilib. Eyni zamanda, səfirlik və tələbələrin birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, tələbələrimizlə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, səfər çərçivəsində Bursa şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə və Yunus Əmrənin ölümünün 700 illiyinə həsr olunmuş konsert proqramına qatılan səfir Rəşad Məmmədov, həmçinin noyabrın 19-da şəhərdə açılışı keçirilən Bursa Foto Festivalında iştirak edib.
Azərbaycan doqquz gün davam edəcək Bursa Foto Festivalında qonaq statusu ilə təmsil olunur.

 

 

Sabir Şahtaxtı


AZƏRTAC-ın xüsusi müxbiri


Ankara