Dmitri Moisyan – milliyyətcə ermənidir, ancaq Bakıda doğulub və paytaxtımızda 17 il yaşayıb. Buna baxmayaraq, Azərbaycan paytaxtına sevgisi həmişəlik qəlbində qalıb.
CBC TV-nin efirində Dmitri Moisyan Sovet İttifaqı dönəmində özünün və ailəsinin Bakıda necə xoşbəxt yaşamasından bəhs edib.
“Yalnız yaxşı şeylər xatırlayıram. Pis heç nə deyə bilmərəm. Hələ də Bakıya getmək istəyirəm. Bura möhtəşəm beynəlmiləl şəhərdir. Qonşularla mehriban yaşayırdıq. Milli zəmində heç vaxt sual yaranmayıb. Heç kim milliyyətlə maraqlanmırdı, sadəcə ünsiyyət saxlayırdı”, – deyə o bildirib.
D.Moisyan hələ münaqişə başlanmasından əvvəl 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Qayıtmaq istədikdə isə məlum olub ki, ailəsi də məlum hadisələrə görə Bakını tərk edir.
Lakin D.Moisyan Ermənistana getmək istəməyib və hazırda da İsraildə yaşayır.
“Bəli, mən milliyyətcə erməniyəm, amma Ermənistan məni heç vaxt özünə çəkməyib. Bu, mənlik deyil”, – deyə ailəsində heç kimin etnik vətənlərinə qayıtmağı düşünmədiyini, təklif etmədiyini söyləyən D.Moisyan qeyd edib.
“Tezliklə 50 yaşım tamam olacaq. Bakını 17 yaşım olanda tərk etmişəm. Nə deyə bilərəm ki, ürəyim hələ də Bakıdadır. Ora mənim vətənimdir. Ermənistanla məni heç nə və heç kim bağlamır”, – deyə D.Moisyan bildirib.
O, həmçinin azərbaycanlı xanımla evli olduğunu etiraf edib.
“Doğulandan bilirəm ki, bütün Qarabağ – Azərbaycanın ərazisidir. Bundan başqa heç nə deyə bilmərəm. Doğulandan bilirəm ki, bütün bu ərazilər Azərbaycanındır”, – deyə D.Moisyan vurğulayıb.
Sonda D.Moisyan bildirib ki, azərbaycanlılarla ermənilərin sülh içində yaşaya biləcəyinə inanır, çünki bu xalqlar nə vaxtsa dost kimi yaşayıblar.//azxeber.com