“Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb”.
7times.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq xatırladıb ki, dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb:
“Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?
Görünür, bu həm Moskvaya, həm də erməni separatçılarına lazımdır. Bu “Donbas ssenarisinə” bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbasa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı.
Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var. Belə olarsa Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq. Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında bunu demişdi: “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq”. Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir”.
“Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdikləri planları pozmağa çalışmalıyıq. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdi. Ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər. Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa vaxt yoxdur”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Follow @7timesaz