Siyasət

Turan ideyasının GİZLİ REALLIQLARI: Türkiyə Qazaxıstan proseslərinə niyə GÖZ YUMDU? – TƏHLİL

Turan ideyasının GİZLİ REALLIQLARI: Türkiyə Qazaxıstan proseslərinə niyə GÖZ YUMDU? – TƏHLİLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda baş verən hadisələr haqqında yazan, danışan insanlar həm də onu vurğulayırlar ki, niyə Türkiyə proseslərə müdaxilə etmir və yaxud Rusiyanın işğalçılıq siyasətinə göz yumur… Şübhəsiz ki, bu fikirlərdə, çağırışlarda müəyyən qədər həqiqət var…

Əvvəla, Türkiyə və ya yeni yaranmış Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstan hadisələrində gecikdi. Təbii ki, bu gecikmənin obyektiv və subyektiv səbəbləri var. Açığı etiraf edim ki, Türkiyə Mərkəzi Asiyanı yaxşı tanımır və yaxud Ankaranın türk respublikalarına təsir imkanları məhduddur.

Türkiyə uzun illərdən sonra – 1991-ci ildə SSR-nin süqutundan sonra Mərkəzi Asiyanı tanımağa başlayıb. Türklər indiyə qədər Mərkəzi Asiyadakı cəmiyyətlərin daxili dinamikasını öyrənə bilməyib. Nəzərə alsaq ki, həm çar Rusiyası, həm də SSR zamanında rus siyasi isteblişmenti Mərkəzi Asiyanı daha dərindən tanıyıb, bu cəmiyyətlərə təsir mexanizmini formalaşdırıb. Yəni, bir rus yeri gələndə qazaxı, qırğızı, özbəki, türkməni bir Anadolu türkündən daha yaxşı tanıyır. Hətta təsəvvür edin ki, rus dili Qazaxıstanda necə güclüdürsə, bu ölkənin prezidenti K. C. Tokayev xalqa rus dilində müraciət edir.

Digər tərəfdən, Rusiyada hazırda əmək miqrantlarının 50%-dən artığı Mərkəzi Asiyadandılar. Üstəlik, Mərkəzi Asiyadan gələn miqrantlar ruslarla ailə qururlar. Bu baxımdan, Rusiyanın təkcə Mərkəzi Asiyadakı siyasi iqtidarlara deyil, bütövlükdə xalq kütlələrinə də ciddi təsirləri var. Eyni zamanda, Rusiyada məhz Mərkəzi Asiya ilə bağlı beyin mərkəzləri, araşdırma quruluşları var ki, bunlar da regionu izləyir, təhlil edir və bilavasitə Kremlin siyasi təmayüllərini müəyyən edirlər.

Bundan əlavə, Mərkəzi Asiyada mövcud avtoritar siyasi rejimlər o qədər xalqa güvənmirlər ki, sabah hər hansı fors-major durumda hakimiyyətlərini qorumaq üçün məhz Rusiyaya müaraciət edirlər. Məsələn, gördüyünüz kimi, Qazaxıstan prezidenti Tokayev KTMT-ni köməyə çağırdı.

Hərçənd, KTMT nizamnaməsinə görə, üzv dövlətlərin hər hansı birinə xaricdən müdaxilə olacağı təqdirdə, bu qruma müraciət edilməli idi.

Qazaxıstanda isə xalq kütlələri Nazarbayevin və onun qıpçaq dovşanı Tokayevə etiraz edirlər. Biz çox gözəl bilirik ki, KTMT demək elə Rusiya deməkdir. KTMT-nin fikir babası Putindir və o, bunu NATO-ya alternativ kimi yaradıb. Xülasə, Mərkəzi Asiyadakı rejimlərin liderləri xalqdan qopuq olduqları üçün məhz öz təhlükəsizliklərini Rusiyada görürlər.

Bir reallıq da budur ki, yeni yaranmış və strukturları hələ tam formalaşmamış TDT-nin Qazaxıstana KTMT-dən qabaq müdaxilə etməsi qeyri-mümkün idi. Yəni bu, o deməkdir ki, TDT hərbi alyans deyil. Əgər, TDT hərbi ittifaq olsaydı, təbii ki, daha çox imkanlara malik olacaqdı.

Bəli, mən onunla da razıyam ki, Qazaxıstanda son zamanlar milli dəyərlərə geri qayıdış görünürdü; kiril əlifbasından latın qrafikasına keçid, qazax dilinin yeganə rəsmi dil olması, rus coğrafi adlarının türk mənşəli toponimlərlə əvəz olunması… Lakin bütün bunlar Nazarbayev və onun kosmetik yolla hakimiyyətini ötürdüyü Tokayevə haqq qazandırmır ki, ölkəni əbədi olaraq qəddar avtoritar üsullarla idarə etsinlər. Qazaxıstan zəngin neft-qaz, uran yataqlarına malik böyük ölkədir. Ancaq ölkənin gəncləri Qazaxıstanı tərk edir, sabaha ümidləri yoxdur.

Ölkədə bütün siyasi təşəbbüslər boğulur və bundan sonra da yəqin ki, daha dəhşətli forma alacaq. Əvəzində, Nazarbayevin qohum-əqrabası ölkənin varidatını xaricdə yerləşdirib. Hətta Tokayevin 28 yaşlı oğlu Timur Tokayev böyük “biznesmen” olub. Bütün bunları “Turan” ideyasının ətrafında gizlətmək mümkün deyil.

Tokayev o qədər aqressivləşib ki, açıq-aydın bəyan edir ki, Almatıda 20 min terrorçu var. Hətta bu, doğru olsa belə, rejimin də günahları var.

Sən 30 ildə qəddar avtoritar, korrupsiyalaşmış dövlət mafiası quranda, xaricdən həmişə ölkəni qarışdıranlar tapılacaq. Qazaxıstandakı hakim rejim vaxtında siyasi, iqtisadi islahatlar aparsaydı, indiki faciəvi durum yaranmazdı. Üstəlik, bu qədər zəngin təbii resursların ola-ola, əhalinin böyük hissəsi yoxsul yaşıyır. Əvəzində, Nazarbayevin, Tokayevin ətrafı qərb ölkələrində bahalı malikanələrə, villalara sahibdir.

Və gəldiyimiz nəticə budur…