“İndiki durumda Ermənistanda revanşis qüvvələr çalışırlar ki, Paşinyanı hakimiyyətdən devirsinlər və beləliklə onun Ermənistanın xilası üçün hədəflədiyi sülh sazişinin bağlanmasına imkan verilməsin. Bu mitinq Köçəryan, Sarkisyan və digər Rusiyayla sıx əlaqələri olan şəxslərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistanda Paşinyan əleyhinə təşkil edilən etiraz aksiyalarına münasibət bildirərkən deyib. F.Ağamalı bütün bu cəhdlərin sülh sazişinə heç bir mane ola bilməyəcəyini bildirib:
“Təbii ki, bunun arxasında həm də Rusiya amili var. Paşinyan Azərbaycanın təməl prinsipi olan beş təklifinin demək olar ki, hamısıyla razılaşıb. Bu məsələdə Avropa İttifaqının və onun liderlərindən biri olan Mişelin xüsusi olaraq bu məsələdə tutmuş olduğu mövqe, eyni zamanda Amerika Birləşmiş Ştatlarının da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına vermiş olduğu dəstək Rusiyanı kifayət qədər qıcıqlandırıb, narahat edir. Rusiya hesab edir ki, onun mövqeləri Qafqazda bu baxımdan zəifləməyə başlayıb və özünün yaratmış olduğu Qarabağ problemini bundan sonra da özünün istədiyi kimi öz məqsədlərinə xidmət etmək şansı əlindən çıxır. Ona görə də Rusiya özünə bağlı olan qüvvələri hərəkətə gətirib.
Lakin görünən odur ki, artıq on günə yaxındır ki, revanşislər bütün potensiallarını ortaya qoyublar, hətta regionları belə hərəkətə gətirməyə çalışırlar. Beş-on min civarında mitinq iştirakçıları İrəvanın küçələrində Paşinyanın istefasını tələb edirlər. Lakin nəticə yoxdur. Görünən budur ki, Ermənistanın revaşislərlə, Köçəryan və Sarskiyanla bağlı olmayan yerli əhalisi Paşinyanı müdafiə edir, müharibə istəmirlər. Onlar dərk edirlər ki, Paşinyanın tutmuş olduğu xətt Ermənistanın xilası üçün yeganə xətdir. Beləliklə, cəmiyyətdən yetərincə dəstək almayan revaşislərin Paşinyanı istefaya göndərmək istəkləri reallaşmayacaq. Nəticə etibarıyla mənə belə gəlir ki, Paşinyan revanşislər üzərində özünün qələbəsini bir daha təmin edəcək və Brüsseldə razılaşdırılmış olan şərtlərə uyğun olaraq Azərbayanla münasibətlərin normallaşması, sülh sazişinin bağlanması, sərhədlərin dəqiqləşdirilməsi, razılaşdırılması və kommunikasiyaların açılmasıyla bağlı özündən asılı olan bütün işləri görmək istəyindədir. Bu artıq görünür.
Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarıyla bağlı məsələlərdə də problem görünmür. Düşünürəm ki, ölkə başçısı öz mövqeyini ortaya qoyub və bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan vətəndaşına məxsus olan bütün hüquq və imkanlardan istifadə etmək şansları var. Bir şərtlə ki, onlar revanşislərin, separatçıların yanında yer almasınlar. Ona görə də hadisələrin gedişindən çıxardığım nəticə ondan ibarətdir ki, Brüsseldə əldə edilmiş olan razılığa əsasən proseslər uğurla getməlidir”.
Follow @7timesaz