Maqazin

“Əvvəllər kiminsə bacısına, arvadına, dostunun bacısına…” – Etiraz

“Əvvəllər kiminsə bacısına, arvadına, dostunun bacısına…” – Etirazbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtaşırı Azərbaycanda qadın qətllərinə rast gəlinir. Cinayətlərin əksəriyyəti demək olar ki, şəxsi münasibətlər, qısqanclıq və mübahisə zəminində törədilir. 

Bu qətllərin qarşısının alınması üçün tez-tez məktəblərdə dini dərslərin keçirilməsini istəyənlər də az deyil.

Ötən gün Əməkdar artist Bəhram Bağırzadə də məktəblərdə şagirdlərə dini və əxlaq dərslərinin keçirilməsi təklifi ilə çıxış edib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu təklifin əleyhinə olduğunu bildirib:

“Yaxşı olar ki, məktəblərdə insan haqlarına və gender bərabərliyinə hörmətlə bağlı təlimlər keçirilsin. Niyə məhz dini və əxlaq dərsləri olmalıdır? Məgər əxlaq təkcə qadınamı məxsusdur?!

Cəlilabadda baş verən qətl hadisəsində qarşı tərəf bilmirdi ki, həmin qadın ailəlidir? Niyə öz nəfsini saxlaya bilmirdi? Tutalım, qadın heç özünü idarə edə bilmir, bəs qarşı tərəfin hörmət hissi haradadır?

Bilirsiniz, əxlaq məsələsi  tək qadına aid deyil və dini aspektdən təlim keçməklə məsələyə çözüm tapmaq mənə elə gəlir ki, lazım deyil. Dinlə bağlı təlim keçmək olar, hər kəs öz dinini, onun tarixini, mərhələlərini bilməlidir, amma bunu hansısa qətllərin qarşısını almaq üçün etmək lazım deyil.

Ona qalsa, İslam bir çox hallarda qadınlara müxtəlif qadağalar qoyur. Bu dərsləri keçməklə o qadağaları daha da artırmaqmı istəyirik?! Mən bunun qəti əleyhinəyəm. Düşünürəm ki, dini dərslər – bütün dinlərlə bağlı dərslər keçilə bilər, amma bununla yanaşı gender bərabərliyi də tədris olunmalıdır”.

M.Zeynalova qeyd edib ki, xəyanətə görə baş verən qadın qətllərində kişilər də ən az qədər məsuliyyət daşıyır:

“Əxlaq mədəniyyətdir, mədəniyyət dərsləri keçsinlər. Yenə təkrar edirəm, hər hansı qətl hadisəsində təkcə qadın günahkar deyil. Burada iştirakçılar çoxdur. Həmin qadını xəyanətə cəlb edən kişi də məsuliyyət daşıyır.

Əvvəllər kiminsə bacısına, arvadına, dostunun bacısına, ailəsinə hörmətsizlik etmək kişilik hesab olunmurdu. Bu Sovet vaxtında da belə idi, həmin vaxtlarda heç İslam geniş vüsət almamışdı, lakin insanlar bu normaları bilirdilər. Bu, yazılmamış qanundur, qanunları mütləq şəkildə dərslə keçməyə gərək yoxdur, bu nümunədir, insanlar bunu göstərməli və qorumalıdırlar”.