“Azərbaycan bəyan edir ki, Ermənistan öz üzərinə Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi götürüb. Bəli, biz artıq bu gün həmin əlaqəni təmin etməyə hazırıq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.
Paşinyan iddia edib ki, Azərbaycan özü yaradılan imkandan istifadə etmir: “Azərbaycan bizim təqdim etdiyimiz imkanlardan istifadə etmir. Biz bu gün də bəyan edirik ki, onlar Ermənistan qanunvericiliyində nəzərdə tutulan qaydalara uyğun olaraq sərhədi keçə və Azərbaycana yollana bilərlər”.
Paşinyan bildirib ki, hətta Naxçıvandan və Azərbaycanın qərb rayonlarından Ermənistan sərhədlərini keçən azərbaycanlılara təhlükəsizlik təminatı da verirlər: “Orada (10 noyabr bəyanatında-red.) deyilir ki, biz Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etməliyik. Azərbaycanın ən qərb rayonu Qazax rayonudur. Biz hazırıq. Qoy, gəlsinlər, sərhədi keçsinlər və Naxçıvana getsinlər. Biz Ermənistan qanunvericiliyinin qaydalarına uyğun şəkildə təhlükəsizliyi təmin edəcəyik”.
O, hətta Milli Təhlükəsizlik Xidməti və Dövlət Gəlirləri Komitəsinin rəhbərlərinə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyini təmin etməyi tapşırıb.
Təbii ki, Paşinyanın bu açıqlaması bir tərəfdən Azərbaycan Ordusunun dünən Qarabağdakı erməni hərbi birləşmələrinə verdiyi “dərs”in təzahürüdürsə, digər yandan da dünya ictimaiyyətinə ünvanlanmış saxta diplomatik tryukdur. Çünki sərhədlərin açılması və guya azərbaycanlıların təhlükəsiz gediş-gəlişinə şərait yaradıldığı barədə iddialar cəfəngiyyatdır. Belə məsələlər sadəcə, quru bəyanatlarla təmin edilə bilməz. Digər tərəfdən, Paşinyanın tez-tez “Ermənistan qanunvericiliyinə uyğun şəkildə” ifadəsindən istifadə etməsi o deməkdir ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yolda birmənalı olaraq, Ermənistan qanunları işləyəcək, yola ermənilər nəzarət edəcək və ona dəhliz statusu verilməyəcək. Yəni ki, bu yol Laçın dəhlizinə bərabər tutlmayacaq. Hansı ki, 10 noyabr sazişində başqa cür deyilir və orada bildirilir ki, dəhlizə Rusiya nəzarət edəcək.
Əlbəttə ki, Paşinyanın dediyi şərtlər daxilində Azərbaycan vətəndaşlarının sözügedən yoldan istifadəsi qeyri-mümkündür və böyük ehtimalla Azərbaycan tərəfi Paşinyanın növbəti manipulyasiyasına lazımi cavabı verəcək.
Follow @7timesaz