“Nə mənim, nə övladlarımın, nə qardaşlarımın, nə də yaxınlarımın biznesi var. Xüsusən gömrüklə əlaqəli hansısa işimiz olmayıb. Sadəcə olaraq, “vurulan” adamı tənqid etmək mənim xasiyyətimə xas bir şey deyil. Vaxtilə gömrük sistemi ilə bağlı iradlarımı bildirmişəm, çıxış etmişəm. Qanunvericilikdəki boşluqlar barədə Milli Məclisin iclaslarında da bildirmişəm. Adət etmişik, biri yıxılan kimi tez hamı onu “baltalayır”. Səfər Mehdiyevi işdən çıxaran var. Hansı qaydada, necə münasibət quracaqlar, nə edəcəklər, özləri bilərlər. Gah deyirlər ki, Ramiz Mehdiyev “yıxılıb”, onun haqqında da bir söz deyin. Harda yıxılan var, “balta”nı götürürlər kötükləməyə… Həyatımda heç vaxt yıxılana balta çalmamışam”.
7Times.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“Qanun var, qayda var. Hamı qayda-qanunla məsuliyyət daşıyır və daşıyacaq. Fikirlərimi həmişə ümumi qaydada, prinsipcə bildirirəm. Tək gömrük deyil, hansı sferada olursa-olsun, qanunsuzluq varsa, etirazımı bildirirəm. Çalışıram ki, hüquqi dövlət quraq, rüşvətxorluq, əliəyrilik, korrupsiya olmasın. Bütün bunlara qarşı həmişə sərt çıxışlar etmişəm. Dəxli yoxdur, Dövlət Gömrük Komitəsidir, yoxsa başqa sahə. Deyirlər ki, biznesim var, ona görə gömrükdəki qanunsuzluqlara susuram. Həyatımda heç iynə ilə də bağlı gömrüklə hər hansı münasibətim olmayıb. Ümumiyyətlə, bunu bir az özümə inamsızlıq kimi qəbul edirəm. Bu nə deməkdir? Kim gəlib mənim, ya yaxınımın hər hansı bir sahədə biznesini üzə çıxarsa, halal edirəm. Dərhal deputatlıqdan istefa verərəm, amma bu böhtanı qəbul etmərəm”, – T.Kərimli bildirib.
Follow @7timesaz