İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək. Abdullahian çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayıb.
İranlı nazir Rusiya-Ukrayna müharibəsindən danışıb: “Moskvaya səfərimin əsas məqsədi Ukraynadakı böhranı həll etməyə çalışmaqdır. Çünki bəzi Qərb ölkələri Tehranın bu məsələdə fəal rol oynamasını istəyir”.
Abdullahianın söylədiklərini Sfera.az-a dəyərləndirən siyasi analitik Turab Rzayev bildirib ki, iranlı nazir əslində verdiyi açıqlama ilə Ukrayna ilə müharibədə İranın niyə Rusiyanın yanında olduğuna dair suallara aydınlıq gətirib:
“Məlumdur ki, İranın Qərblə, əsasən də ABŞ-la qarşıdırması var. Ona görə də İran ABŞ-ın hansı ölkə ilə problemləri varsa, onunla dostluq əlaqələri qurmağa çalışır və ABŞ hansı ölkə ilə yaxşı münasibətdədirsə, onunla müəyyən qədər məsafə saxlayır. Məsələn, İranın Kuba, Venesuella və Liviya ilə dostluğunu qeyd edə bilərik. İran bu dövlətlərlə ona görə dostdur ki, onlar ABŞ-la düşməndir. Sanki ABŞ tərəfindən zədə alan, təzyiqə məruz qalan ölkələr bir-biri ilə dayanışma içinə giriblər. Ukrayna müharibəsində də eyni durum var. Qərb, xüsusilə, Anqlo-Sakson bloku, ABŞ və Böyük Britaniya açıq şəkidlə Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı savaşırlar. Aydın məsələdir ki, İran yenə də Qərb qarşısında mövqe tutur və Rusiyaya müharibədə həm diplomatik, həm də hərbi köməklik göstərməyə çalışır”.
T.Rzayev qeyd edib ki, İranlı nazirin gizlətdiyi digər məsələ İran-Rusiya müttəfiqliyidir:
“Aydın məsələdir ki, İranın Rusiya ilə müttəfiqliyi var. Suriyada, İraqda, Livanda, Fələstin və Yəməndə bərabər hərəkət edirlər. Hətta İran Cənubi Qafqazda belə bizim Qarabağ müharibəmizdə Rusiyadan gələn silahları Ermənistana keçirirdi. İranla Rusiya müttəfiq olduğuna görə də Ukrayna məsələsində var gücü ilə rəsmi Moskvanın qalib gəlməsini istəyir və əlindən gələn bütün yardımları davam etdirir”.
Follow @7timesaz