“Danışıqlar zamanı Ermənistanın çoxsaylı istəkləri var, təhlükəsizlik üçün təminat istəyirlər. Cənab prezidentin də öz çıxışında qeyd etdiyi kimi, Ermənistanın döymədiyi qapı qalmayıb”.
Bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
“Danışıqlar prosesi kifayət qədər uzun getdi. Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmaq üçün mənəvi haqqı çoxdan itib. Bu o Ermənistandır ki, qonşu dövlətin torpaqlarının 20 faizini beynəlxalq hüquq normalarına zidd olaraq işğal edib, 1 milyona yaxın insanı etnik təmizləməyə məruz qoyub.
Birgə bəyannamənin ikinci maddəsinə diqqət edin. Burada ümumi olaraq atəşkəs üçün lazım olan parametrlərin tərəflər arasında yalnız razılaşdırıması prinsipi qoyulub. Bu isə onları ciddi narahat edib. Çünki, onlar beynəlxalq qurumlar tərəfindən təhlükəsizliklərinin təmin edilməsi üçün şərtlər irəli sürmək istəyirdilər. Odur ki, biz dəfələrlə vurğulamışıq ki, bu mərhələdə bu mümkün deyil. Bu yalnız mərhələli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələri çıxarıldıqdan sonra, növbəti mərhələlərdə bu məsələlərin baxılması mümkün ola bilər”, – deyə nazir bildirib.
C.Bayramov onu da qeyd edib ki, sənəddə öz əksini tapan baza prinsiplərinin tərkib hissəsini mərhələli şəkildə işğalçı qüvvələrin rayonlardan çıxarılmasını təşkil edir.
Follow @7timesaz