“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əks-hücumu ilə status-kvo dəyişdirildi”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, 30 il ərzindən işğala əsaslanan status-kvo saxlanılırdı:
“Bu status-kvonun möhkəmləndirilməsi əsasında Ermənistan tərəfindən həyata keçirilən addımlara layiqli və əsaslı cavab verilmirdi. Bu cəzasızlıqdan da istifadə edən ermənilər işğal siyasətini günbəgün gücləndirirdi. Ermənistan tərəfindən dəfələrlə Azərbaycan torpaqlarında məskunlaşma siyasəti aparılırdı. Buna cavab verilmirdi.
Ermənilərin heç vaxt yaşamadığı Cəbrayıl şəhərində, digər işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasəti aparılırdı. Ermənistanın bu addımına heç bir cavab verilmirdi. Ermənistan Azərbaycana qarşı aparılan bu müharibənin başa çatdığını düşünürdü. Amma artıq status-kvo dəyişdi.
Bir sıra torpaqlar işğaldan azad edilib. Artıq təmas xətti anlayışı yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi. Artıq belə bir anlayış da yoxdur”.
H.Hacıyev qeyd edib ki, Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb:
“Beynəlxalq ictimaiyyət tərəfindən çağırışlar var. Çağırışlara cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Ceyhun Bayramov Moskvadakı görüşdə iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından da irəli gələn addımdır. Amma görünən odur ki, Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır”.
Follow @7timesaz