Ölkə

Könül Nurullayeva: “UNESCO Azərbaycanın bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyini unutmamalı idi”

Könül Nurullayeva: “UNESCO Azərbaycanın bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyini unutmamalı idi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azuleyə məktub ünvanlaması bu təşkilatın qəzərli yanaşmasına diplomatik etirazdır. Təşkilat 30 ildir, Azərbaycanın mədəni-tarixi abidələrinin məhv edilməsinə göz yumur. Halbuki Azərbaycan UNESCO ilə yüksək səviyyədə əməkdaşlıq qurmuşdu. Birinci xanım Mehriban Əliyevanın  xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycanla təşkilat arasında əlaqələr yüksələn xəttlə inkişaf edib. Amma UNESCO işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də laqeyd münasibətdən əl çəkmədi. Azərbaycanın çağırışlarına məhəl qoymayan UNESCO əslində bəşəri dəyərlərin təbliği istiqamətində ölkəmizin səylərini, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyimizi unutmamalı idi”.

Bunu 7Times.az-a açıqlamasında deputat Könül Nurullayeva deyib. O qeyd edib ki, tarixi-mədəni irsimizin məhv edilməsi və təhqir olunması danılmaz faktdır:

“Amma UNESCO bu faktları görmək istəmir. Bu məsələdə təbii ki, fransız əsilli baş direktorun rolu var. Çünki hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESKO ən azından Azərbaycanın çağırışlarına reaksiya verirdi. Təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmaması qeyd edilirdi. Odri Azulenin yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı istisna deyil. Bu yanaşma təbii ki, Azərbaycanı qane edə bilməz. Bu mənada Mehriban xanımın xoşməramlı səfir vəzifəsindən imtinası gözlənilən idi. Biz bütün bəşəri dəyərlərə hörmətlə yanaşdığımız kimi, milli maraqlarımıza da hörmətlə yanaşılmasını tələb edirik və bu, bizim haqlı tələbimizdir. Azərbaycanın maraqlarını gözardı etmək istəyənlərlə sona qədər əməkdaşlıq mümkün deyil və itirən də qarşı tərəfdir. Azərbaycanın itirəcəyi heç bir şey yoxdur.Mehriban xanımın məktubunda da deyildiyi kimi, indiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi prosesi gedir. Birinci vitse-prezident bu prosesə aktiv cəlb olunub və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanır”.

7Times.az