Hazırda bir çox Qərb ekspertləri Rusiyanın parçalanması ilə bağlı proqnozlar irəli sürürlər. Hesablamalara görə, bu haradasa yaxın 1-2 il ərzində baş verəcək. Onların fikrincə, Putin hakimiyyətdən devriləndən sonra Rusiyanın parçalanması qaçılmaz olacaq.
Bəs Rusiya parçalanarsa, bunun Azərbaycana nə kimi faydalı, yaxud zərərli təsirləri olacaq? Ümumiyyətlə, postputin dönəmi necə olacaq? ABŞ və Avropa bu dönəmə necə hazırlaşır, nələri planlaşdırır? Bilirik ki, Azərbaycanın Rusiya ərazisində tarixi torpaqları var. Rusiya parçalanacağı təqdirdə Azərbaycan rəsmi şəkildə o torpaqlara iddia etməldirmi?
Azərbaycan cəmiyyətini düşündürən bu sualları “7Times.az“a açıqlamasında politoloq Elxan Şahinoğlu cavablandırıb: “ Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla ölkə faktiki olaraq bataqlığa sürükləndi. Əslində bu Rusiyanın müharibəsi deyildi, Rusiyanın maraqlarına cavab vermirdi. Bu intiqam hissi ilə yaşayan Putinin şəxsi müharibəsidir. Putin böyük imperiyanı bərpa etməklə Qərbə dirsək göstərmək xülyası ilə yaşayır. Amma alınmadı. Bir ilə yaxındır ki, müharibə gedir. Rusiyanın gözəgörünən uğurları yoxdur, itkiləri isə 100 mini keçib və bunun hesabını vermək lazım gələcək. Doğrudur, hazırda Rusiya cəmiyyəti qorxusundan Putinə dəstək verir, amma bir gün həqiqətən Putin olmasa, Rusiya cəmiyyəti onun yerinə gələnə dəstək verəcəkmi? Putinin xəstəliyi ilə bağlı kifayət qədər məlumat yayılır. Yəni, bir gün Putin hansısa səbəbdən hakimiyyətdən getsə, onun yerinə gələn şəxsin Ukraynaya qarşı müharibəni davam etdirmək iqtidarında olacağını düşünmürəm. Təzyiqlər olacaq və inanmıram ki, Rusiya cəmiyyəti bu gün Putinə verdiyi dəstəyi onun yerinə gələnə də verəcək. Bu halda Qərb Rusiyanın daha çox zəifləməyinə çalışacaq. Onsuz da ABŞ Rusiyanın Ukrayna bataqlığına düşməsindən istifadə edərək onun zəifləməsini sürətləndirən sanksiyalar tətbiq edir. Rusiya neft və qazını Qərb ölkələrinə sata bilmir. Rusiya hakimiyyəti bunu etiraf etməsə də, ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır. Demək olar ki, Qərb Rusiya ilə qonşu olan ölkələrdə, o cümlədən Azərbaycanda postputin dövrünə hazırlaşır. Bu dövrün necə olacağını proqnozlaşdırmaq çətindir. Əlbəttə, Rusiya zəifləyə, hətta ən pis halda parçalana da bilər. Rusiya 200 il ərzində Azərbaycana durmadan təzyiq edib, bizə erməni problemini yaradan da məhz Rusiya imperiyası olub. O üzdən Rusiyanın zəifləməsi haradasa Azərbaycanın maraqlarına cavab verə bilər. Belə ki, zəifləyən Rusiya nəhayət Cənubi Qafqazdan əlini çəkər. Əslində 44 günlük savaşda da qarşımızda Rusiya olmasa idi, məsələni birdəfəlik həll edəcəkdik. Amma imkan vermədilər. Amma Rusiya zəifləyərsə, yaxud daha pis halda parçalanma ehtimalı artarsa, bizim də burada öz maraqlarımız olacaq. Birincisi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası istiqamətində addımlarımızı atacağıq. İkincisi, bəli, Rusiya ərazisində tarixi torpaqlarımız var, əlbəttə indidən bu məsələdə hansı siyasət yürüdəcəyimizi demək çətindir, amma həqiqətən hadisələr elə sürətlə inkişaf edə bilər ki, həm İran, həm də Rusiya ərazisində olan tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində addımlar atmağa məcbur qala bilərik”.
Rübabə Səməndər
7Times.az
Follow @7timesaz