20 Yanvar müasir Azərbaycan tarixinə bir qəhrəmanlıq, qürur, şəhidlik zirvəsidir. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
Milli Məclisin deputatı Könül Nurullayeva bu gün barədə fikirlərini bölüşərək bildirib ki, 33 il əvvəl baş verən yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət idi: “Təsadüfi deyil ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş verdi və nəticədə 250 min azərbaycanlı öz yurdundan qaçqın düşdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutara qətlə yetirməsi beynəlxalq hüquqi riyakarlığın təzahürü idi. Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı.
Təəssüf ki, o vaxt SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması qənaətinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. Əslində, 20 yanvar hadisələri faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Bu hadisə əslində Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu.
Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi. 20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi qiymətləndirilməlidir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü ilin mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Şəhid ailələrinin sosial məsələlərinin həlli hər zaman prioritet məsələ kimi öndədir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Prezident Fərmanına əsasən, 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Əvvəl isə bu məbləğ 500 manat təşkil edirdi. Bu da 20 yanvar şəhidlərinə dövlət qayğısının növbəti təzahürüdür”.
Elşən
Follow @7timesaz