Ağ Ev İsraildən Qəzza zolağında terrorçular tərəfindən saxlanılan girovlarla bağlı danışıqlar aparılması və quru əməliyyatı başlamazdan əvvəl Qəzza zolağına yardımın çatdırılması üçün daha çox vaxt verməsini istəyir.
7Times.az xəbər verir ki, “The New York Times” bu barədə ABŞ rəsmilərinə istinadən yazıb.
Qeyd olunub ki, Bayden administrasiyası həm də ABŞ-ın regiondakı aktivlərinə hər hansı potensial hücuma hazırlığı artırmaq istəyir, müharibə davam etdikcə bu hücumlar daha da güclənə bilər. Mənbələrin bildirdiyinə görə, bu, müdafiə naziri Yoav Qallant ilə az qala hər gün danışan ABŞ müdafiə naziri Lloyd Ostin vasitəsilə İsrailə çatdırılıb. Bundan əlavə, dünən ABŞ prezidenti Co Bayden baş nazir Benyamin Netanyahu ilə yenidən danışıb.
Lakin ABŞ rəsmiləri quru əməliyyatının ləngiməsinin İran və onun müttəfiqləri tərəfindən istifadə oluna biləcəyindən narahatdırlar və onlar uzun müddətdir ki, İsrailin ABŞ tərəfindən idarə olunduğunu söyləyirlər. Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar İsraildən quru əməliyyatını təxirə salmağı tələb etmir, əksinə ona gözləməyi tövsiyə edir və əmin edir ki, Vaşinqton İsrailin HƏMAS-ı məhv etmək məqsədini tam dəstəkləyəcək.
İsrail ordusunun sözçüsü Conatan Konrikus isə Avstraliyanın ABC telekanalına müsahibəsində bildirib ki, Fələstin HƏMAS hərəkatı girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında quru əməliyyatı, qaçılmazdır.
“Əgər HƏMAS mülkilərin arxasında gizləndiyi sığınacaqlardan çıxsa, 212 girovumuzun hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, müharibə bitərdi. Əgər onlar bunu etməsələr, yəqin ki, biz buna getməli olacağıq və quru əməliyyatına başlamalıyıq”, – o vurğulayıb.
Qeyd edək ki, İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. Son məlumatlara görə, İsrail tərəfində 1,4 mini, Qəzza zolağında isə qurbanların sayı 4 mini keçib. İsrail HƏMAS komandirlərini məhv etmək üçün xüsusi əməliyyatlar keçirmək məqsədilə mərkəz yaradıb. Ölkənin Müdafiə Nazirliyi Qəzzada 3 aylıq quru əməliyyatı olacağını proqnozlaşdırır.
Modern.az
Follow @7timesaz