Birləşmiş Ştatlar və Hindistan quru hərbi texnikasının birgə istehsalı, həmçinin kvant və digər yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, kosmik fəzanın birgə mənimsənilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir.
7Times.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən açıqlanan ABŞ və Hindistanın birgə məlumatında bildirilir.
ABŞ ilə Hindistanın kritik və ən yeni texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət təşəbbüsü çərçivəsində keçirilən görüşlərin ikinci raundunun yekunları üzrə yayılan sənəddə qeyd olunur ki, tərəflər Nyu-Dehlinin ABŞ-nin MQ-9B pilotsuz uçuş aparatlarının alınması planlarını da müzakirə ediblər. Bununla yanaşı, tərəflər quru döyüş sistemlərinin mümkün birgə istehsalını alqışlayıblar. Lakin bu mövzuda heç bir təfərrüat açıqlanmır.
Bundan əlavə, məlumatda bildirilir ki, tərəflər Yerin təbii peykinin orbitində stansiyanın yaradılmasını nəzərdə tutan Hindistanın Amerikanın “Lunar Gateway” proqramında iştirak imkanlarını, digər kosmik texnologiyalar üzrə əməkdaşlıq üçün birgə platformaları araşdırırlar.
Görüşlər ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Nyu-Dehliyə səfəri zamanı baş tutub.
Follow @7timesaz