Maraqlı

Açıq-saçıq məşhurların lüks həyatı: kütlə niyə qıcıqlanır?

Açıq-saçıq məşhurların lüks həyatı: kütlə niyə qıcıqlanır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

Biz onsuz da əvvəldən də dedi-qodu həvəskarı, insanların həyatına burnumuzu soxan, heç üstümüzə vəzifə olmayan mövzularda danışan, tində-bucaqda fısıldaşmağı sevən bir cəmiyyətik. Amma bu gün bu qeybət məhəllələrdən sayt səhifələrinə daşınıb. Müğənni örnək şəxs olmalıdır məntiqi ilə razılaşmamışam heç vaxt. Amma medianın təbliğ etdiyi bu cür müğənnilərin cəmiyyətdə əks-təsirlərə yol açdığını görürük. Deməli hər nə qədər müğənni, sənətçi, məşhur simalar örnək olmamalıdır desək də, mənfi tərəfdən örnək ola bilirlər. Əvvəllər gənc qızlar, oğlanlar hansısa məşhura bənzəmək üçün onlar kimi geyinər, saçlarının onlar kimi kəsdirərdi. Nə zaman ki, müğənnilərin villaları, bahalı maşınları, tətilləri, toyları efirə, mətbuata çıxdı, bu bənzəmək istəyi öz məsum formasını itirdi. İndi gənc qızlar oxumaq, təhsil almaq əvəzinə müğənni olmaq sevdasına düşür. Bunun ən yaxşı göstəricisi isə İntagram və Tik-Tok platformalarıdır. Lüks həyat yaşamağın yolunun səhnədən keçdiyini düşünən insanlar var bu məmləkətdə. Halbuki o həyatı yaşamaq üçün o qadınların, kişilərin nələr itirdiklərini təsəvvür edə bilmirlər.
Artıq illərdir ki, Azərbaycan mediasında ciddi informasiya bəsit maqazin xəbərlərinə uduzur.
Telekanallarda hər on proqramdan səkkizini bəsit əyləncə verilişləri təşkil edir. Yazılı mətbuatda isə üstünlük daha çox qeybət, dedi-qodu motivli xəbərlərdədir. İnsanların xəbər saytlarında ilk qarşılşdıqları xəbər hansısa məşhurların evlənib- boşanması, yaxud da neçə milyonluq villa, maşın alması olur.
Əyləndirərkən məlumat vermək məqsədi daşıyan şou, maqazin xəbərləri gündəlik həyatın stressindən uzaqlaşmaq üçün izlənilir. Amma sosial mediada həmin xəbərlərin altında yazılan şərhlərə baxsaq, görərik ki, bu cür xəbərlər insanları stressdən çıxartmaq yerinə daha da stressə salır.
Futbolçuların, müğənnilərin bir anda əldə etdikləri lüks həyat əksəriyyəti yoxsul olan xalqda həm böyük ruh düşkünlüyünə, həm də sosial partlamalara səbəb olur.
Ölkəmizdə bəzi sənətçilər toplumu degenerasiyaya uğradır. Sənətçilər sənətlərindən çox şəxsi həyatları, maşınları, bahalı villaları, bahalı tətilləri ilə gündəmə gəldikləri üçün sənət arxa plana düşür. Çoxunun isə heç sənəti də yoxdur ki, göz yuma biləsən. Məsələn, bir neçə gün bundan əvvəl Nəfəs ləqəbli müğənninin 250 min manatlıq villası saytların maneştini bəzəmişdi. Saytlar bu məlumatı hardan əldə etmişdi? Zaur Kamalın verilişindən. Aparıcının bütün etik çərçivələri darmadağın edərək xanım müğənninin evindən əldə etdiyi görüntüləri efirdə yayımlamasıyla “xəbərin” ildırım sürəti ilə saytlara, sosial şəbəkələrə yayılması bir oldu. Bunun nəticəsində xanım müğənni minlərlə izləyici tərəfindən təhqir, tənqid atəşinə tutuldu. Ən çox verilən sual ilə “Hardan, necə qazanır?” olur.
Daha bir xəbər isə Şəbnəm Tovuzlunun 350 minlik yeni avtomobili ilə bağlıdır. Bir başqa xəbər Roza Zərgərlinin bir gündə 700 manat xərcləməsi oldu. Xanım müğənni təkcə naharına 250 manat pul xərclədiyini deyərək, kütlənin səbrini ceyranın belinə mindirib. Şübhəsiz ki, bu cür şəxsi məlumatları həmin sənəti olmayan müğənnilər özləri dövriyyəyə buraxır. Məqsəd bəllidir. Gündəmdə qalmaq. Necə, nə cür, hansı şəkildə olursa-olsun, hər kəsin müzakirə etdiyi şəxsə çevrilmək.
Halbuki xalq qarşısında xüsusi bir cavabdehliyi olmayan bir şəxsin nəyi necə, hansı yolla qazandığı qəti şəkildə müzakirə mövzusu olmamalıdır. Lakin nə kütlə üçün, nə də kütləyə dedi-qodu materialı verən məşhurlar üçün bu meyar yoxdur. Bir dəfə bir şərh oxumuşdum. 30-35 yaşlarında bir bəy yazmışdı ki, “iki universitet bitirmişəm, ilin 12 ayı eşşək kimi işləyirəm, amma bir “07” ala bilmirəm. Bu qadınlar bir mahnıya “Prado” sürür”. Məmləkətin arxa məhəllələrində yaşayan yoxsul insanlar bəsit bir müğənninin ondan qat-qat yaxşı yaşamasını sorğulayar olub. Media isə bu stressin daha geniş kütləni əhatə etməsində sözün əsl mənasında alətə çevrilib.
Dünyada bu tip xəbələrin yer aldığı xüsusi saytlar var. Azərbaycanda isə media qarışıq fəaliyyət göstərir. Məsələn, baxırsan ciddi siyasi bir xəbərin, millət vəkilinin, nazirin açıqlamasının yanında qəfil Bayram Nurlunun başında parik, ətəkli fotosu çıxır: “Qayınatası Bayram Nurluya maşın bağışladı”.
Mediamız Cem Yılmaz demiş “ortaya qarışıq” fəaliyyət göstərir. Çalışdığım ciddi mədəniyyət saytlarından birinin redaktoru mütəmadi olaraq məndən bu tipli materiallar istəyirdi. Səbəbini belə izah etdi ki, Bayram Nurlunun, Nura Surinin, Roza Zərgərlinin auditoriyasına ciddi ədəbi-mədəni materialları oxutmaq istəyir. Amma bir müddət sonra gördük ki, artıq ciddi auditoriyanın özü Bayramlaşıb.
Milli Konservatoriyada gənc və gözəl bir xanımla qısa bir söhbət etmişdim. Deyirdi, müğənni olacaq. Soruşdum ki, səs, istedad qaydasındadırmı? Düşünmədən verdiyi cavab bu oldu ki, “nə olsun, Nura Surinin də səsi yoxdu. Amma oxuyur və gözəl də həyat yaşayır”. Qısaca olaraq deyə bilərik ki, bu gün mətbuatımızın dəstəyi sayəsində sənətin səviyyəsi Nura Suri, Roza Zərgərli səviyyəsindədir.
Media və müğənnilər arasında yaranan bu “işgüzar”əməkdaşlığın cəriməsini yalnız cəmiyyət ödəyir. Gündəm olmaq istəyən müğənnilər mediadan istifadə edir, media da bu cür bəsit xəbərləri sataraq maddi gəlirini təmin edir. İtirən tərəf yalnız bizik. Bəzilərinin xalq, bəzilərinin kütlə, bəzilərinin də cəmiyyət dediyi topluluq…