Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb. Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib. O, qeyd edib ki, konsensusa əsaslanan qərar qəbuletmə prinsipi aydın şəkildə ATƏT bütün əsas qərarlarında əks olunub:
Nazir onu da vurğulayıb ki, Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynovla danışdıq. O “7Times.az”a açıqlamasında deyib ki, ATƏT nizamnaməyə və prosedur qaydalarına uyğun olmayaraq Ermənistan ərazisində digər bir missiyanın göndərilməsinə razılıq verib:
“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxış edib. Bir sıra regional məsələlərə dair fikirlər söyləyib. Qeyd etmək lazımdır ki, Praqada dördtərəfli görüş keçirildikdən sonra Avropa İttifaqının regional missiyasının göndərilməsinə dair razılıq əldə olunub. Bu barədə Avropa İttifaqının prezidenti Şarl Mişel öz bəyatında qeyd etmişdi. Bu mülki missiya Ermənistan ərazisində və iki ay müddətində yerləşdirilib. Artıq bu missiya fəaliyyət göstərir. Bundan sonra ATƏT nizamnaməyə və prosedur qaydalarına uyğun olmayaraq Ermənistan ərazisində digər bir missiyanın göndərilməsinə razılıq verdi. Təşkilat daxilində konsensus əsasında qərarlar qəbul edilməli halda, yalnız Ermənistanın sorğusu əsasında bu addım atılıb. Bu da tamamilə qanunsuz yanaşmadır. ATƏT-in nə qədər ümumi dəyərlərdən və prinsiplərdən kənar təchizat olduğunu sübut edir”.
Politoloq onu da vurğulayıb ki, konsensus olmadan ehtiyacların dəyərləndirilməsi və missiyanın göndərilməsi dövlətlərin iradəsindən kənar bir haldır:
“Bu onu deməyə əsas verir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in regiona nə qədər qərəzli bir baxışları olub. Həmsədr dövlətlər münaqişəni həll etmək istəmirdilər. Münqaqişə həll olunduqdan sonra, ATƏT nəyin bahasına olursa-olsun bu cür yanaşmaları sərgiləyir. ATƏT-in səhifəsi bizim üçün bitib. Bu tarixi artıq vərəqləmişik. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə qeyd etmişdi ki, Fransa və ABŞ Rusiya ilə işləməkdən imtina edir, bir masa ətrafında problemləri müzakirə etməyəcək. Ardınca, ABŞ Dövlət Deportamentinin Cənubi Qafqazdakı böhran üzrə nümayəndəsi Filip Riker də Azərbaycanın irəli sürdüyü tezisləri təkrar etdi. Qeyd etdi ki, Azərbaycan üçün MİNSK qrupu artıq yoxdur. Yeni geosiyasi reallıqlar konteksində ABŞ da anlayır ki, MİNSK qrupu səhifəsi bitib. Düşünürəm ki, bu baxımdan missiya tamamilə qanunsuzdur və heç bir əsası yoxdur”.
Follow @7timesaz