Xəbər verdiyimiz kimi, Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb. Maraqlıdır ki, bundan öncə erməni həbrçiləri geri qaytarılarkən, onların qarşılığında Azərbaycana Qarabağ işğalda olarkən minalanmış ərazilərin xəritəsi verilmişdi. Son 5 erməni hərbçisinin qaytarılması zamanı isə, onların nəyin qarşılığında təhvil verildiyi açıqlanmadı.
Bəs görəsən, Azərbaycan nəyin qarşılığında bu addımı atıb?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, daha əvvəl erməni əsirlərinin geri qaytarılması Azərbaycan dövlətinin hər hansı bir qarşılıq gözləmədən atdığı addımın nəticəsi idi:
“Azərbaycan əsirləri təhvil verərkən Ermənistan tərəfindən mina xəritələrinin təhvil verilməsinə dair gözləntisi yox idi. Prezident İlham Əliyev dəfələrlə öz müsahibəsində bildirib ki, Azərbaycan tərəfindən belə bir addım atıldığı vaxtda qarşı tərəf daha da küncə sıxılacağını başa düşərək kontur addımlar atdı. Dövlətimizin qarşılıq tədbiri kimi sövdələşmələrdə bulunmaq və bunu bir alətə çevirmək kimi mövqeyimiz olmayıb. Bu çox önəmli məsələdir. Xarici mediada aparılan təhlillər vaxtı həqiqətən rəsmi Bakı tərəfindən belə bir mövqenin sərgilənməsi təqdir olundu. İndiki reallıqda məsələ kifayət qədər fərqlidir. İndi söhbət əsirlərdən getmir. Bu insanların təxribat məqəsdi ilə ərazilərimizə gəlməsi və bu təxribatların indi də davam etdiyi bir fonda dövlətimiz təərfindən belə bir addımın atılması o deməkdir ki, digər müstəvidə cərəyan edən proseslər var. Bundan sonrakı dövrdə Ermənistanla Azərbaycan münasibətlərinin tam fərqli müstəviyə keçməsi üçün müsbət yanaşmalar var”.
Deputat bildirib ki, hərbçilərin təhvil verilməsi ölkə rəhbərliyi tərəfindən ortaya qoyulan gündəliyin bir elementidir:
“Hazırda erməni mediası Nikol Paşinyanın Pela dağını (Ağ dağ) və Qafan ərazisindəki yüksəkliklərin Azərbaycana tamamilə verilməsindən yazır. Bu məsələlər soyuq başla təhlil edilməlidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim hərbi qüvvələrimiz o yerdə dayanacaq ki, biz onu hüquqi sayırıq. Bu o deməkdir ki, delimitasiya və demarkasiya işləri ordumuz tərəfindən aparılır. Əgər Ağ dağ starteji mövqeyində azərbaycanlı qüvvələr möhkəmlənirsə, bu, əsir, yaxud terrorçuların qaytarılmasına bağlı bir məsələ deyil. Ona görə də qarşı tərəfin informasiya məkanında qoparılan fırtınanın hansı maraqlara bağlı olduğunu anlamaq çətin deyil. Ermənistanda davamlı və qalıcı sülhün əleyhinə olan qüvvələr var. Ötən bir il ərzində baş verən proseslər məhz Bakının ssenarisi əsasında müəyyən edilib. Bu şəxslərin verilməsi fonunda Azərbaycan bu bölgədə həqiqətən də arzu etdiyi daimi sülh prosesinin bərqərar olmasını sitəyir. Bu, daha böyük bir məsələdir. İlham Əliyevin də dediyi kimi biz müharibəni qazandıq, sülh quruculuğu da bizim zəfərimizlə başa çatacaq. Qafqazda yeni eraya keçidin əsası qoyulur. Hərbçilərin təhvil verilməsi ölkə rəhbərliyi tərəfindən ortaya qoyulan gündəliyin bir elementidir”.
Follow @7timesaz