Azərbaycan Fransanın “France 2” telekanalından Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.
QOL.az xəbər verir ki, buna səbəb Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına xoşagəlməz və əsassız fikirlərin səsləndirilməsidir.
Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məsələ ilə əlaqədar bildirib:
“Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”.
O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı mərasimini yayımlayan Fransanın “France 2” telekanalının efirində aparıcı Ermənistan oyunçuları keçərkən “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu” ifadələrini səsləndirib, Azərbaycan komandası paraddan keçərkən isə ölkəmiz “Ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edilib.
Follow @7timesaz