Türkiyə Böyük Millət Məclisi (TBMM) ordunun Suriya və İraqda əməliyyatlar aparması ilə bağlı yeni qərar verib. Beləliklə, TSK-nın xaricdəki əməliyyatlarının müddəti daha iki il uzadılıb. Qəbul edilmiş qanunda “xarici hərbçilərin iştirakı” ifadəsi var. Müxalif CHP və HDP məhz bu ifadəyə görə qanun layihəsinin əleyhinə səs veriblər. “Xarici hərbçilərin iştirakı” ifadəsinin kimə şamil olunduğuna dair Türkiyədə müzakirələr gedir. Belə ehtimal etmək olarmı ki, bu ifadə altında söhbət Azərbaycan hərbçilərindən gedir?
7times.az-ın məlumatına görə, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa yenisabah-a bildirib ki, bu ehtimal böyük deyil, çünki Türkiyənin öz imkanları kifayət qədər genişdir ki, bu məsələni özü həll etsin:
“Ona görə də, hər hansı bir şəkildə Azərbaycan əsgərinin orada iştirakı ehtimalı yoxdur. Türkiyə dövlətinin öz daxili hüdudları içində hansısa bir təhlükə yaranarsa, Şuşa bəyannaməsi ilə qarşılıqlı dəstək verə bilərik. Yəni ancaq Türkiyəni gözləyən hansısa bir təhlükə olarsa, bu addımı atmaqla Türkiyəyə yardımçı ola bilərik”.
Deputatın sözlərinə görə, “xarici hərbçilərin iştirakı” ifadəsinin sırf Azərbaycan üçün nəzərdə tutulduğu istisnadır:
“Ehtimallar hər zaman var, amma Azərbaycan da başqa ölkənin hüdudları içində olan savaşda, əgər BMT-nin qərarı olarsa, iştirak edə bilər. Qərar olmazsa, əsla. Azərbaycanın Suriya və İraqda hansısa bir marağı yoxdur. Amma orada Türkiyənin marağı var və Türkiyənin marağı elə bizim marağımızdır”.
Follow @7timesaz