Siyasət

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatacaq

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın noyabrın 16-da Azərbaycanla sərhəddə həyata keçirməyə cəhd göstərdiyi hərbi təxribat bu ölkənin bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını, 44 günlük müharibədə uğradığı acı məğlubiyyətdən nəticə çıxarmadığını bir daha təsdiqləyir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin nümayiş etdirdikləri yüksək peşəkarlıq və rəşadət nəticəsində Ermənistanın növbəti hərbi avantürası da iflasa uğrayıb və düşmən çoxsaylı itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb:

 

“Şübhəsiz ki, hər bir Azərbaycan əsgərinin, zabitinin həyatı bizim üçün əzizdir. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən oğullarımızın qanı yerdə qalmayıb və qalmayacaq da. Ermənistanın son hərbi təxribatı zamanı da Ordumuz düşməni dəfələrlə artıq itkilərə məruz qoyaraq, şəhidlərimizin qisasını aldı. Şəhidlərimizin ruhu qarşısında baş əyir, doğmalarına, əzizlərinə səbr diləyirəm. Canını Vətən yolunda fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.

 

Azər Kərimli bildirib ki, Ermənistan son hərbi avantürasının günahını Azərbaycanın üzərinə ataraq, prosesə kənar qüvvələri cəlb etsə də istəyinə nail ola bilməyib:

 

“Baş verənlərlə bağlı ABŞ, Rusiya, Fransa, İtaliya kimi ölkələr narahatlıqlarını ifadə edərək, sərhədlərin delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin vacibliyini bəyan etdilər. Qeyd edim ki, Azərbaycan da delimitasiya və demarkasiya prosesinin tez bir zamanda həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Ermənistan isə, əksinə prosesin ləngidilməsi üçün hərbi-siyasi təxribatlara əl atır. Bu baxımdan, birmənalı şəkildə dünyanın aparıcı dövlətlərinin mövqelərinin Azərbaycanla üst-üstə düşdüyünü deyə bilərik”.

 

Deputat Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatacağını, öz ədalətli mövqeyindən bir addım da çəkilməyəcəyini deyib:

 

“Heç bir qüvvə dövlətimizi Azərbaycan xalqının maraqlarına, bölgədə sülhün, əminamanlığın təmin edilməsinə xidmət edən mövqeyindən çəkindirə bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi xalqımızın sarsılmaz birliyindən güc alır. Bu birlik, bu qətiyyət bizi bütün hədəflərimizə çatdıracaq”.