“Ermənistan xarici işlər nazirinin Yunanıstan Xarici İşlər Naziri ilə mətbuat brifinqi zamanı verdiyi açıqlamada Azərbaycan və Türkiyəni bölgəni gərginləşdirməkdə ittiham cəhdləri Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistanın riyakar siyasətinin daha bir bariz nümunəsidir”.
7times.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər nazirinin 16 oktyabr 2020-ci il tarixli mətbuat brifinqində verdiyi açıqlamaya dair şərhində yer alıb:
“Ermənistan Xarici İşlər Nazirinə xatırlatmaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın mülki əhalisini müdafiə edir və Azərbaycan Respublikasının suveren torpağında əks-hücum tədbirləri həyata keçirir. Ermənistanın silahlı qüvvələri isə 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu saxlayaraq, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək məqsədi güdür.
Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, mülki Azərbaycan əhalisinə qarşı davamlı məqsədyönlü hücumları, humanitar atəşkəsi kobud şəkildə pozması, o cümlədən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinə ciddi mülki itkilərlə nəticələnən raket hücumları açıq şəkildə nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistanın öz ərazilərindən Azərbaycan şəhərlərini atəşə tutması başqa cür izah oluna bilməz.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin tələblərini yerinə yetirmək əvəzinə, atəşkəs pərdəsi altında yeni bir təcavüzə əl atması son dərəcə təəssüf hissi doğurur.
Ermənistanın rəhbərliyi 47 nəfər dinc sakinin öldürülməsi və 222 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın dinc əhalisinə qarşı edilmiş hücumlara görə məsuliyyət daşıyır. Xarici İşlər naziri Mnatsakanyan bilməlidir ki, bu hücumlar beynəlxalq hüquqa görə müharibə cinayətləridir və onu törədənlər fərdi cinayət məsuliyyəti daşıyırlar.
Ermənistan bölgədəki vəziyyətin gərginləşməsinə görə başqalarını günahlandırmağa son verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararaq münaqişənin həlli və bölgədə sülhün təmin olunması üçün mahiyyət üzrə danışıqlara başlamalıdır”.
Follow @7timesaz