İqtisadiyyat

Azərbaycanda əhali çörək istehlakını azaldır – SƏBƏB

Azərbaycanda əhali çörək istehlakını azaldır – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 ildə Azərbaycanda əhalinin ərzaq məhsullarının istehlak strukturunda dəyişiklik müşahidə edilməkdədir. Bu dövrdə bəzi ərzaq məhsullarının adambaşına istehlak miqdarında azalma, bəzilərində artım qeydə alınır.

2010-2019-cu illərin müqayisədi göstərir ki, əhali çörək və çörək məhsullarının istehlakını azaldır. 2010-cu ildə adambaşına 153,4 kq çörək istehlak edən insanlar 2019-cu ildə 135,2 kq çörək istehlak edib.

7times.az bildirir ki, çörək istehlakının azalmasının səbəbi aparılan maarifləndirmə işləri ilə əlaqədardır. Daha çox çörək istehlakının insan orqanizminə zərərli olması, ürək-damar problemi olan insanların, eyni zamanda diabet xəstələri üçün əlverişsiz olması qənaəti çörək istehlakının azalmasına gətirib çıxarır.

Əhali çörəklə bərabər süd və süd məhsullarının, qənd və qənnadı məmulatların istehlakını da azaldır. Son 10 ildə süd məhsullarının adambaşına düşən istehlak miqdarı 24,6 kq, qənnadı məmulatlarının istehlakı 1,2 kq azalıb. Azalma nəticəsində adambaşına düşən süd və süd məhdullarının istehlak miqdarı 268 kq-a, qənnadı məmulatların istehlakı 30,3 kq-a düşüb.

Müqayisə edilən dövrdə digər əksər məhsulların adambaşına istehlakında artım var. Ən çox artım tərəvəz və bostan məhsullarında qeydə alınıb. Ötən dövrdə bu növ məhsulların adambaşına istehlakı təxminən 20 kq artıb.

Əsas tərəvəz məhsulu olan kartofun adambaşına istehlakı 54,6 kq-dan 73,2 kq-a qədər yüksəlib. Digər tərəvəz və bostan bitkilərinin adambaşına istehlakı 83,5 kq-dan 108,6 kq-a qədər artıb.

Meyvə istehlakında da ciddi artım var. Bu növ məhsulların adambaşına düşən istehlak miqdarı 65 kq-dan 79,1 kq-a yüksəlib.

Əsas ərzaq məhsullarından biri də ət və ət məhsullarıdır. Ət istehlakında artım olsa da fərq böyük deyil. On il ərzində adambaşına ərzaq istehlakı 31,5 kq-dan 33,8 kq-a qədər artıb. Azərbaycanda ət istehlakı hələ də digər ölkələrlə müqayisədə çox azdır. Bunun səbəbi ətin satış qiymətinin yüksək olması ilə izah edilir.

Diqqəti çəkən məqamlardan biri də əhalinin bitki yağlarının istehlakını artırmasıdır. Bunun bir səbəbi duru yağlara olan marağın artması ilə bağlıdırsa, digər əsas səbəbi kərə yağının bahalaşmasıdır. Kərə yağının bahalaşması bitki yağlarının istehlakının 8,8 kq-dan 10,7 kq-a qədər artmasına şərait yaradıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ev təsərrüfatlarında istehlak edilən ərzaq mallarının strukturunda baş verən dəyişiklik hesabına ərzaq məhsullarının kaloriliyi yüksəlib. Əgər 2010-cu ildə bir sutka ərzində adambaşına istehlak edilən ərzaqla 2587 kilo kalori qəbul edilirdisə, 2019-cu ildə bu göstərici 2960-a yüksəlib.

Əhalinin ərzaq məhsullarının istehlakında müşahidə edilən dəyişiklik ərzağa çəkilərn xərcin də artımına səbəb olub. 2010-cu ildə ərzağa bir ayda adambaşına 71 manat xərcləndiyi halda ötən il 124 manat xərclənib. On il ərzində əhalinin adambaşına ərzaq xərcləri 75 faiz və ya 53 manat artıb. sfera.az