Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
7times.az-ın xəbərinə görə, sənəddə birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması qeyd edilib.
Bundan əlavə, sənəddə Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib.
Belə ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:
A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;
B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;
C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;
F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;
G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Follow @7timesaz