Bakıda silahlı insident olub. Sərxoş vəziyyətdə kafe sahibini bıçaqla hədələyib pul tələb edən şəxs sonda ofisantı bıçaqlayıb. O daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına da müqavimət göstərib. Bu zaman polis əməkdaşları ona atəş açaraq ayağından yaralayıblar. Bundan sonra saxlanıb və istintaqa cəlb edilib.
Kafedə yeyib içdiyinin pulunu verməyən şəxs, əksinə bıçaqla obyekt sahibinə və ofisanta hücum edib.
Hadisə ötən gecə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Kafeni işlədən Ləman Heydərova iddia edir ki, 49 yaşlı Teymur Yolçuyev əvvəlcə kafedə yeyib içib. Sərxoş olduqdan sonra o üzərində olan bıçaqla onları hədələyib pul tələb edib.
Sərxoş şəxs kafenin şüşələrini sındırıb daha sonra bıçaqla ofisant Çinarə Cəbrayılovanın ayağ nahiyyəsinə xəsarət yetirib.
Ləman Heydərova dərhal ”102-i xidməti”nə məlumat verib. Hadisə yerinə gələn 14-cü polis bölməsinin əməkdaşları həmin şəxsi zərərsizləşdirmək istəyiblər.
Müəyyən edilib ki, həmin şəxs Teymur Yolçuyev əvvəllər də 3 dəfə məhkum olunub. Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur. Faktla bağlı isə cinayət işi başlanıb.