Ölkə

Bakıda tramvay hansı küçələrdən keçəcək? – XƏRİTƏ

Bakıda tramvay hansı küçələrdən keçəcək? – XƏRİTƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

 

Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

 

Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

 

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

 

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə də tramvayların bərpa edilməsinin tərəfdarıdır: 

 

“Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.

 

Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb. Təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.

Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilə bilər.

 

Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir.

 

Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərinə doğru onları birləşdirərək, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasında bitməlidir.

 

Qeyd edək ki, Bakda ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verilib. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Tramvay xətləri 2004-cü ildə ləğv edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, paytaxtda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər. O, bununla bağlı təkliflərin olduğunu bildirib.

 

Komitəsi sədrinin müavini İlqar İsbatovun sözlərinə görə, Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər.

 

“Tramvaylara gəldikdə, düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər.

 

İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı problemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda, yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər, – deyə sədr müavini əlavə edib.