“Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim”.
7times.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevə Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib:
“Cənab Prezident, məni qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir. Qeyd etdiyiniz kimi, biz səfərimizi mənim koronavirusa yoluxmağım səbəbindən təxirə salmaq məcburiyyətində olduq. Lakin şadam ki, bu gün Bakıdayıq. Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik. Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik. Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim. Çox sağ olun” – Baş nazir bildirib.
Follow @7timesaz