Böyük Britaniyanın Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək genişləndirilə bilər.
7Times.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirinin müavini Eduard İvansın görüşündə müzakirə aparılıb.
Görüşdə Samir Poladov Azərbaycanın üzləşdiyi mina problemi və minaların törətdiyi fəsadlar, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətlər, əldə edilən nəticələr, eləcə də mina təhlükəsilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq barədə qarşı tərəfə məlumat verib. O, Böyük Britaniyanın humanitar minatəmizləmə fəaliyyətini ilk gündən dəstəklədiyini və bu sahədə kifayət qədər uğurlu layihələrin olduğunu qeyd edib.
Görüş zamanı Eduard İvans Azərbaycanın qarşılaşdığı mina probleminin miqyasının böyük olduğunu bildirib və bu istiqamətdə işləri təqdirəlayiq qiymətləndirib.
Görüşdə Böyük Britaniyanın ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstəyin genişləndirilməsi, bu sahədə mövcud əməkdaşlıq imkanlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Follow @7timesaz