Ciovanni Kristofoli (Giovanni Cristofoli) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub.
Bu barədə “BP-Azerbaycan” şirkətindən məlumat verilib.
Ciovanni Kristofoli vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
Məlumatda bildirilir ki, hazırda Ciovanni Kristofoli bp-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında bp texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.
Ciovanni Kristofoli bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qəri Counzu əvəz edəcək. Qəri Counzun bundan sonrakı vəzifəsi ilə bağlı məlumat sonra veriləcək.
bp-nin baş icraçı direktoru Marri Okinkloss bildirib ki, Ciovanni Kristofoli qlobal enerji sənayesində böyük təcrübəyə malik mütəxəssis və rəhbərdir: “O bu vəzifəyə strateji baxış, əməliyyatlarda mükəmməllik, transformasiya, artım və irəliləyiş sahələrində təsdiqlənmiş zəngin təcrübə ilə gəlir. bp-nin yeni regional prezidenti kimi Cio buradakı uğurlu tərəfdaşlıqlarımızı davam etdirəcək və dünya səviyyəli layihələrimizin və əməliyyatlarımızın qürur duyduğumuz tarixini irəli aparacaq”.
Marri Okinkloss Qəri Counza da təşəkkür edib.
Follow @7timesaz