Aktual

Brüsseldə hansı məsələləri razılaşdırmaq mümkün olmayıb? Erməni deputat açıqladı

Brüsseldə hansı məsələləri razılaşdırmaq mümkün olmayıb? – Erməni deputat açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan və Bakı hələ də təməl maddələrlə bağlı razılığa gələ bilməyib”.

7Times.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeqoyan deyib.

Xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi qarşı tərəfin açdığı atəş nəticəsində sərhəddə bir erməni əsgərin öldürüldüyü haqqında məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib edib. Rəsmi Bakı son günlər mütəmadi olaraq Ermənistan tərəfini Azərbaycan mövqelərini atəşə tutmaqda ittiham edir.

“Hadisələr onu deməyə əsas verir ki, Brüsseldəki danışıqlar nəticə vermədi, bundan sonra vəziyyət gərginləşdi?” Bu suala cavabında Yeqoyan deyib ki, “nəticə əldə olunmayıb” kimi sərt ifadə işlədə bilməz: “Ancaq deyə bilərəm ki, təməl maddələr üzrə razılaşma əldə olunmayıb, yalnız noyabrda xarici işlər nazirlərinin görüşəcəyi razılaşdırılıb. Bu isə o deməkdir ki, üzərində işlənəsi məsələlər var və bu iki ay ərzində mövqeləri müəyyən qədər yaxınlaşdırmaq olar”.

Avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

 

Erməni deputat “Qarabağla bağlı mövzular Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi paketi çərçivəsində, yoxsa ondan kənarda baxılmalıdır” sualına belə cavab verib: “Məsələni paketə salmaq, yaxud salmamaq Ermənistanın mövqeyidir. Azərbaycanın mövqeyi isə bu məsələyə istənilən kontekstdə baxıb-baxmamaqla bağlıdır. Təbii ki, Azərbaycanın mövqeyincə, bu məsələyə baxılmamalıdır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yaxın aylarda sülh sazişinin Azərbaycanın təklif etdiyi maddələr əsasında bağlanmasını real hesab etdiyini deyib. Həmin prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir. Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalana bilər.

Brüssel danışıqlarının yekunlarına dair bəyanatda Qarabağla bağlı bircə kəlmə də olmamasını Eqoyan belə şərh edib: “Bəli, təbii ki, onlar tərəfdən bircə kəlmə də yoxdur, bu haqda biz danışmaq istəyirik. Bu, heç bir razılaşma əldə olunmayan təməl məsələdir. Bu haqda danışmaq və ya danışmamaq, danışılacaqsa, nə vaxt, indi və ya sonra danışmaq, həmçinin ümumi paketdə, yaxud ümumi paketdən kənar danışmaqdan söhbət gedir. Burada müəyyən dilemma var, burada hətta həmsədrlər arasında da müəyyən dilemma var və bu da vəziyyəti bir qədər mürəkkəb və çoxqatlı edir”.

İrəvanın da yaxın vaxtlarda sülh müqaviləsi bağlamağa çalışmasına gəlincə, deputat deyib ki, qeyd olunan məqamlar nəzərə alınarsa, Qarabağ ermənilərinin hüquqlarının təminatında müəyyən hissolunan və sabit proqres əldə etmək mümkün olar.