Siyasət

Bu, Bakıya aid məsələdir – Lavrova tutarlı cavab

Bu, Bakıya aid məsələdir – Lavrova tutarlı cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədən və Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsindən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini aradan qaldırmaq məqsədilə Birgə Bəyanat qəbul olundu. Burada Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması nəzərdə tutulurdu. Bu müddəa sülhməramlı qüvvələrin nəzarətində qalan ərazilərə də aid edilirdi. Ermənistan indiyə qədər 10 noyabr Bəyanatının bu müddəasını tam şəkildə yerinə yetirməkdən boyun qaçırır.

7times.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Laçın nəzarət-buraxılış məntəqəsi və Rusiya XİN rəhbəri Sergey Lavrovun bununla bağllı açıqlamasına münasibət bildirərkən qeyd edib.

O bildirib ki, bu məsələdə öz iştirakını ört-basdır etmək məqsədilə rəsmi şəxslər həmin silahlı birləşmələri Ermənistanın nəzarətində olmayan birləşmələr kimi təqdim etməyə çalışırlar:

“Hərbi əsir” kateqoriyasına aidiyyəti olmayan saxlanılan şəxslərin qaytarılması problemi məhz bununla bağlıdır. Və həqiqətən də iki aylıq sülhdən sonra bu, nə hərbi əsirlərdir?

Hətta bu şəxslərin adi vətəndaşlar olduqlarını ehtimal etsək belə, o zaman Ermənistanın bu vətəndaşları Azərbaycan ərazisinə necə keçiblər, nəyə görə bizim xəbərimiz olmadan əcnəbi vətəndaşlar ərazimizə keçə bilirlər?”

Politoloq Sergey Lavrovun “Dağlıq Qarabağla Ermənistan arasında azad hərəkət 10 noyabr Bəyanatında nəzərdə tutulur və bu, belədir” fikrinə də cavab verib:

“Hərəkətin azadlığı müvəqqəti əsaslarla və yalnız sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan erməni milliyyətindən olan şəxslər üçün nəzərdə tutulur.

Rəsmi Moskva dövlət başçısı Putinin timsalında dəfələrlə etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu isə o deməkdir ki, suveren hüquqlar, o cümlədən əcnəbi vətəndaşların sərhəddən hərəkətinə nəzarəti Azərbaycanın səlahiyyətli şəxsləri həyata keçirməlidir. Sülhməramlıların bu prosesdə müvəqqəti iştirakına yol verilə bilər, lakin bu və ya digər əcnəbi vətəndaşın buraxılması qərarını Azərbaycan qəbul edir.

Bununla əlaqədar Lavrova xatırlatmaq yerinə düşərdi ki, sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq, sülhün dəstəklənməsi əməliyyatları onu qəbul edən ölkənin hər hansı suveren hüququnun məhdudlaşdırılmasını nəzərdə tutmur”.

T.Zülfüqarovun sözlərinə görə, Ermənistan vətəndaşlarının, o cümlədən rəsmi şəxslərin səfərlərinə məhdudiyyətlərin tətbiqi Azərbaycan ərazisinin ilhaq olunmasından və işğalçılıq siyasətindən imtina olunması və bunların pislənilməsi barədə Ermənistan tərəfindən rəsmi bəyanatın indiyə qədər səslənməməsinə görə zəruridir:

“Ermənistanın rəsmi şəxslərinin sülhməramlıların nəzarət zonasında yaşayan erməni əhalisinin reinteqrasiyası prosesində tərəf kimi iştirak etmək niyyətlərindən xəbər verən birtərəfli bəyanatları Azərbaycan qəbul etmir və bunu suveren ölkənin daxili işlərinə müdaxilə etmək cəhdi kimi qiymətləndirir.

Sülhməramlı qüvvələr müşahidə missiyasını suveren Azərbaycan Respublikasının ərazisində həyata keçirdiklərinə görə Sülhün Dəstəklənməsi Qüvvələrinin və monitorinq həyata keçirən qüvvələrin mandatının işlənilməsi və qəbul olunmasında Ermənistan Respublikasının nümayəndələrinin iştirakı yolverilməzdir və Azərbaycan tərəfindən qətiyyətlə rədd olunur.

Sülhü Dəstəkləyən Qüvvələrin dövlətlərarası sərhədlərin bərpası işində iştirak etməsi amili bunun üçün əsas ola bilməz, çünki erməni tərəfində Rusiya hərbçilərinin olması sərhədlərin mühafizəsi haqqında ikitərəfli Rusiya-Ermənistan razılaşmaları ilə tənzimlənir.

Sülhün Dəstəklənməsi Qüvvələrinin və müşahidə missiyasının mandatı sülh prosesinin tərəfdaşları qismində dəvət olunan Türkiyə və Rusiyanın iştirakı ilə danışıqların gedişində hazırlanmalı və həmin qüvvələri öz suveren ərazisində qəbul edən Azərbaycanla müvafiq Razılaşma Memorandumunun imzalanması nəticəsində qəbul olunmalıdır”.axar.az