Maraqlı

““Çalıquşu” çəkiləndə Rəşad Nuri Güntəkinin xanımı deyib ki, serialda Aydan Şener oynasın”

““Çalıquşu” çəkiləndə Rəşad Nuri Güntəkinin xanımı deyib ki, serialda Aydan Şener oynasın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanlılar çox istiqanlı, səmimi, cana yaxın insanlardır. Məni çox sevdiklərini bilirəm. Daha əvvəllər çox qonaqpərvər olduğunuzu hiss etmişdim və ölkənizdə qonaq olanda bunun bir daha şahidi oldum. Bakı mənim üçün işıqların şəhəridir, xüsusilə də gecəsi gözəldir. Çox gözəl xatirələrlə ayrıldım Azərbaycandan.Sizin rejissorunuz Şahin Zəkizadə ilə bizim dostluq münasibətlərimiz var idi, çox təəssüf ki, gənc yaşında dünyasını dəyişdi. Onun ölümünə həqiqətən çox üzüldüm. Şahinin dəvəti ilə sizin “Həkimlər” serialında və bir reklam çəkilişində rol almışdım. Azərbaycana atamla gəlmişdim, o da ölkənizi çox sevmişdi”
Bunu Moderator.az-a özəl açıqlamasında məşhur türkiyəli aktrisa Aydan Şener deyib. O daha sonra çəkildiyi “Çalıquşu” ekran əsərinin SSRİ məkanında yayımlandığı ilk türk serialı olduğunu bildirib.
“Bunu ilk dəfə eşidəndə çox xoşbəxt olmuşdum. “Çalıquşu” Azərbaycanla, yanaşı Özbəkistanda, Moskvada, Ukraynada və s. ölkələrdə yayımlanıb. Bu məni həm də təəccübləndirmişdi. Ukrayna televiziyasından gəlib məndən müsahibə də götürmüşdülər. Tatarıstana, Özbəkistana, Rusiyaya gedəndə oralarda nə qədər tanındığımın, sevildiyimin şahidi olurdum. Bu bir sənətçi üçün çox böyük bir xoşbəxtlikdir. Uşaq olarkən Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini oxuyub,  teatrda izləmişdim. Hətta deyərdim ki, “Çalıquşu” mənim uşaqlıqda izlədiyim ilk teatr tamaşasıdır. İllər sonra da Fəridə obrazını oynamaq mənə qismət oldu. O zaman 23 yaşım var idi. Hətta o vaxt “Çalıquşu” filmi çəkiləndə Rəşad Nuri Güntəkinin həyat yoldaşı deyib ki, serialda Aydan Şener oynasın” deyə məşhur aktrisa bildirib.
“Əsəri oxuyanda hansı səhnə sizi təsirləndirmişdi?” sualına isə Aydan Şener bu cür cavab verib.
“Serialda o qədər çox təsirləndirici səhnələr var ki. Məsələn, Kamuranın sevgilisinə yazdığı məktubu o qadın mənə gətirəndə çox təsirlənmişdim. Fəridənin anası ilə qarşılaşma səhnəsi də məni üzmüşdü. Bəlkə də elə buna görə bu ekran əsəri çox sevildi! İllər sonra Kamuranla görüşəndə o illəri xatırlayıb, yad etdik. Həyat davam edir təbii ki. Biz o illərdə qalmamışıq. 3-5 ildir ki, Kamuranı görmürəm sözün düzü” deyə məşhur aktrisa bildirib.
Aydan Şener Burak Özcivit və Fahriye Evcenin çəkildiyi “Çalıquşu” serialından da danışıb.
“Mən bu haqda öncəki reportajlarımda da danışmışam. İndiki seriallar 70-100 bölüm olduğu üçün ssenarisi də uzanır. Bu serialın sadəcə bir bölümünü izlədim. Fahriyede özümü görmədim. Bu serialın adı sadəcə “Çalıquşu” idi. Əsl, gerçək “Çalıquşu” romanından uzaqlaşmışdılar. Klassik əsərləri uzatmaq, mövzudan uzaqlaşmaq olmaz” deyə o bildirib.
Aydan Şener hal-hazırkı fəaliyyətindən də danışıb.
“Mütləq şəkildə ildə bir neçə ssenari mənə göndərirlər, amma istədiyim ssenarilər olmadığı üçün qəbul etmirəm. Sonuncu dəfə “Menecerimi ara” serialında çəkildim. Mən daha çox teatrı sevirəm, onunla məşğul oluram, 3-5 ildir ki, ardıcıl olaraq tamaşalarda oynayıram. Son tamaşamız “Çamlıcanın 3 gülü” oldu. Bir yandan da pandemiyadır, çox çətin bir dönəmdəyik. İnşallah koronovirus tam bitsin və rahat şəkildə sevdiklərimizlə, tamaşaçılarımızla görüşək” deyə o bildirib.