Aktual

“Cənabın tapşırığıdır, ya 200 mini verməlisən, ya da ”podvala” getməlisən” – “MTN işi”

“Cənabın tapşırığıdır, ya 200 mini verməlisən, ya da ”podvala” getməlisən” – “MTN işi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Yeniavaz.com
 “yeni müsavat”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şıxəliyev və digər 3 nəfər – istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasını dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.

Yasin Məmmədov

“Sanki bin Ladenlə işləmişdim…”

2 aya yaxındır ki, davam edən məhkəmə dövründə zərərçəkənlərdən Bahəddin Sultanov və Hüseyn Səfərovun epizodu araşdırılıb. Ötən prosesdə zərərçəkənlərdən Afət İsmayılov sərbəst ifadə verib. O, sərbəst ifadəsində MTN-çilərin ondan 200 min manat aldıqlarını deyib. 2005-ci ildə “Kapital Tikinti” MMC-ni təsis edib və 2008-ci ildən həmin şirkətin direktoru kimi fəaliyyət göstərməyə başlayıb. 2009-cu ilin yaz və ya payız aylarının bir günü, günorta saatlarında istifadəsində olan mobil nömrəyə zəng daxil olub. Zəng edən şəxs özünü  Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim edib. Səhəri gün 10:00-da onu MTN-in inzibati binasına dəvət edib. Lakin müstəntiq ona MTN-in inzibati binasına çağırılma səbəbini deməyib. Növbəti gün saat 10-da MTN-in inzibati binasının nəzarət buraxılış məntəqəsinə gedib və MTN-in nəzarət buraxılış məntəqəsində qeydiyyatdan keçdikdən sonra bir nəfər əsgərin müşayiəti ilə MTN-in inzibati binasının 1-ci mərtəbəsinə, oradan isə başqa bir nəfər əsgərlə birlikdə liftlə 7-ci mərtəbəyə qalxıb. Liftin qarşısındakı gözləmə otağında təxminən 2 saat gözləyib. Sonra Vüqar Əliyev adlı əvvəllər tanımadığı müstəntiq gözləmə otağına daxil olub. Onu özü ilə otağına aparıb. Otağa daxil olan kimi həmin şəxs ona “mən MTN-in müstəntiqi Vüqar Əliyevəm, kiminlə işləmisən” sualını verib. Zərərçəkənin dediklərindən: “Əvvəlcə özüm də çaşqın vəziyyətə düşdüm, sanki bin Ladenlə işləmişdim, mənə bu tərzdə sual verilirdi. Vüqar Əliyevə dedim ki, Müdafiə Nazirliyi ilə işləyirəm. O,  ”Orbita-2008″ və “AKM inşaat”la bağlı suallar verdi. Həmin şirkətlərdən tikinti materialları aldığımı, pullarını isə köçürmə yolu ilə ödədiyimi dedim. Müstəntiq də dedi ki, o MMC-nin işçiləri hakerliklə məşğul olur, onların ofislərindən sənədlər götürülən zaman mənim rəhbərlik etdiyim MMC-nin də sənədlərini oradan aşkar ediblər.

Sahib Ələkbərov

Müstəntiq Vüqar Əliyev qarşısındakı kağız parçasına 300 min rəqəmini yazıb qarşıma qoydu. Dedi ki, “buradan düz də çıxıb gedə bilərsiniz, zirzəmiyə də gedə bilərsiniz”. Kağızda yazılan rəqəm barədə soruşduqda Vüqar Əliyev “bu, cənabın tələbidir və verilməlidir” dedi. Vüqar Əliyev tərəfindən günahsız yerə həbs ediləcəyimdən qorxdum. 300 min rəqəmi yazılmış kağız parçasına 30 min yazaraq müstəntiq Vüqar Əliyevə verdim. Müstəntiq “gedim, məsləhətləşim, gəlim” deyərək otağı tərk etdi. Təxminən yarım saat sonra geri qayıtdı. Dedi ki, “1-cinin tapşırığıdır,  200 min manatdan aşağı yeri yoxdur”, ardından da əlini otağındakı şkafın üzərində olan çərçivəyə uzatdı. Orada milli təhlükəsizlik naziri Eldar Mahmudovun fotoşəkli idi. Dedi ki, “görürsən cənabın şəklini, bu tapşırıq onunkudur, ya 200 min manatı verməlisən, ya da ”podvala” getməlisən, başqa yolun yoxdur”. Heç bir günahımın olmadığını dedim və həmin məbləği verməyə gücüm çatmayacağını bildirdim. Vüqar Əliyev cavabında dedi ki, “bunun mənə heç bir aidiyyəti yoxdur, birincinin tapşırığıdır, burada sənin günahının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, sənin müqəddəratın bizim əlimizdədir, ya 200 min manat pulu gətirməlisən, ya da həbs olunmalısan, başqa yolun yoxdur”.

“Sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan”

Zərərçəkən deyir ki, müstəntiq Vüqar Əliyevin “cənab” dedikdə milli təhlükəsizlik naziri Eldar Mahmudovu nəzərdə tutduğunu zənn edib: “Sonradan müstəntiqin otaqdan mülki geyimdə çıxıb mülki geyimdə geri qayıtmasını, müstəntiqin bilavasitə rəisindən kənar birbaşa nazir ilə bu məsələni həll etməsinin mümkünsüz olduğunu anladım. Bildim ki, müstəntiq qiyməti razılaşdırmaq adı ilə otaqdan çıxarkən nazirin deyil, öz rəisi, İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin yanına gedib”. Daha sonra ifadəsini belə davam etdirib: ”Müstəntiq mənə “sənin müqəddəratın mənim əlimdədir” demişdi. Oğlum ali məktəbdə təhsil alırdı, onun cibinə narkotik vasitə atıb və ya yaşadığım evə silah qoyub bizi tuta biləcəklərini bilirdim. Çıxılmaz vəziyyətdə olduğumu başa düşüb müstəntiqlə razılaşdım. Düşünürdüm ki, günahsız yerə həbs olunacağım təqdirdə tender üzrə götürdüyüm işlər yarımçıq qalacaq. Övladlarıma pislik ediləcək. Ona görə də müstəntiqdən vaxt istədim ki, 200 min manat pulu toplayıb verim.

Vüsal Ələkbərov

Vüqar Əliyev  “sənə 15 gün müddət verirəm, pulu topla gətir” dedi. Həmçinin gülərək “sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan” dedi. Həmin gün MTN-dən çıxıb H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanında yerləşən ofisimə gəldim. Mənim “Royal Bank”ın Dostluq filialında, “Muğan Bank”ın Mətbuat filialında və “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında hesablarım vardı. 50, ya da 60 min manat nağd pulum vardı. Təxminən 10 gün sonra, 11 noyabr 2009-cu ildə Müdafiə Nazirliyindən  MMC-nin hesablaşma hesabına köçürmə yolu ilə 359 min 473 manat pul daxil oldu. Həmin pulları çek vasitəsilə ya “Royal Bank”ın Dostluq filialında, ya “Muğan Bank”ın Mətbuat filialında, ya da “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında olan hesabımdan çıxarmaqla 200 min manat pulu düzəltdim. Vüqar Əliyevə zəng edib 200 min manat pulun hazır olduğunu dedim. Vüqar dedi ki, “axşamçağı bizim idarə tərəfə gəl”.

200 min manat pul olan selofan torbanı Vüqar Əliyevə verib.

Zərərçəkən deyir ki, həmin gün axşam saatlarında o, “Kapital Tikinti” MMC-nin Təchizat şöbəsinin müdiri Bəylər Ağayev və həmin MMC-nin Tikintidə Texniki Təhlükəsizlik üzrə mütəxəssisi Hüseynağa Qafarovla birlikdə MTN-in inzibati binasının qarşısına gediblər: “Vüqar Əliyevə zəng elədim, dedi ki, MTN-in arxa qapısına gedib, təxminən 200 metr irəlidə dayanaq, onu gözləyək. Bəylər və Hüseynağa ilə birlikdə MTN-in arxa qapısından Nəriman Nərimanovun heykəlinə tərəf gedən yolda, təxminən 200 metr irəlidə dayanıb Vüqar Əliyevi gözləməyə başladıq. İşçilərimə MTN-in müstəntiqi Vüqar Əliyevin məni həbs edəcəyi ilə hədələyib 300 min manat pul istədiyini, sonra isə kiminləsə məsləhətləşib həmin məbləği 200 min manata endirməsini danışmışdım. Bəylər və Hüseynağa Vüqar Əliyevə 200 min manat pul verəcəyimi bilirdilər. Təxminən 20 dəqiqə sonra Vüqar Əliyev idarə etdiyi ”Hyundai” markalı avtomobillə gəlib bizim avtomobilin arxasında, təxminən 6-7 metr aralıda dayandı. Avtomobildən düşüb Vüqar Əliyevin avtomobilinə əyləşdim. Həmin vaxt içərisində 200 min manat pul olan selofan torbanı Vüqar Əliyevə verib içərisində 200 min manat pul olduğunu dedim. Vuqar pulu saymadı, alıb çıxıb getdi. Bundan sonra Vüqar Əliyev bir neçə dəfə ofisimə gəldi və Gəncə şəhərində yerləşən ata evini bərpa etdirmək istədiyini deyərək bəzi məsləhətlər aldı. Mən 200 min manat pulu Vüqar Əliyevə verdikdən sonra işlərimdə ciddi maliyyə problemləri yaranmışdı. Başladığımız tikinti işlərini yekunlaşdırmağa maliyyə vəsaiti çatmadı. Buna görə də “Royal Bank”dan, “Muğanbank”dan və “Azərbaycan Beynəlxalq Bank”dan ümumilikdə 300 min manata yaxın məbləğdə kredit götürdük. Sonradan kreditləri ödəyə bilmədiyim üçün oğluma məxsus  olan Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən evi, “Kapital Tikinti” MMC-nin ofisinin yerləşdiyi H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanını satıb kreditlərin bir hissəsini tam ödədim”.

“Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim”.

Zərərçəkən deyib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində Baş Prokurorluqda cinayət işinin istintaq olunduğunu öyrənib və Vüqar Əliyevə zəng edib: “Ona dedim ki, görüşmək istəyirəm. Vüqar Əliyev əvvəlcə görüşəcəyinə söz versə də, sonradan zənglərə cavab vermədi. Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim. Görüşmədi, mən də gedib Baş Prokurorluğa şikayət etdim, pulumu tələb edirəm”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.

“Dövlətdən dövlətə şikayət edəcəkdim?”

Dövlət ittihamçısı, hakim və təqsirləndirilən Mövlam Şıxəliyevin vəkili zərərçəkənə eyni mahiyyətli sual veriblər. Onlar Afət İsmayılovdan pulu ödəyəndən sonra şikayət edib-etməməsini öyrənmək istəyiblər.

 Hüseyn Səfərov

Zərərçəkən verilən suallara gülümsəyərək cavab verib:

– O zaman onlar dövlətdə idi, dövlətdən dövlətə şikayət edəcəkdim?

Zərərçəkənlərdən Hüseyn Səfərov da Afət İsmayılova sual ünvanlayıb:

– Deyirsiniz ki, Müdafiə Nazirliyinin tenderində qalib olmuşdunuz. Sizdən hədə-qorxu ilə 200 min manat alandan sonra həmin obyekti vaxtı-vaxtında keyfiyyətlə tikib təhvil verə bildiniz?

Afət İsmayılov:

– Həmin pulu məndən alandan sonra obyekti tikib təhvil verə bilmirdim. Məcbur olub oğlumun evini banka dəyər-dəyməzə girov qoydum, demək olar ki, hədiyyə etdim, bu da müqavilə, sizə təqdim edirəm. Beləcə, obyekti tikib təhvil vermişəm.

Proses bu gün davam edəcək.