Ölkə

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi vəzifəsinin icraçısı ilə danışıb

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi vəzifəsinin icraçısı ilə danışıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı regionda son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib.

Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.

Telefon danışığı zamanı, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.