Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
7times.az xəbər verir ki, nazir üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri qarşı tərəfin diqqətinə çatdırıb və bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərməsi, Azərbaycanın hərbçiləri və mülki şəxsini qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyi və hazırda onlarla bağlı cinayət işinin aparıldığı, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib.
Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən ağır şəkildə minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini Komissiya sədrinin diqqətinə çatdırıb. Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən, bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir, İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Vito Petroçelli İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr, bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib.