“2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi sürətlə artıb. Bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqaisədə 31% artaraq 117 milyard 200 milyon dollara çatıb. Bu ilin yekununda ticarət dövriyyəsinin tarixi maksimuma – 170 milyard dollara çatacağı gözlənilir”.
7Times.az xəbər verir ki, bu məlumatı iqtisadçı-ekspert Natiq Cəfərli paylaşıb.
Ekspert iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsini şərh edərkən bildirib ki, Qərb Rusiya ilə Çinin yaxınlaşmasından həmişə ehtiyat edib. Onun qənaətincə, dünyadakı son geosiyasi gərginlikdən ən çox qazanan ölkə Çindir.
N.Cəfərli Çinin Rusiyanı faktiki olaraq öz xammal bazasına çevirdiyini deyib:
“Rusiyanın Çindən asılılığı artdıqca rəsmi Pekin daha ucuz və daha çox resurslar əldə edir ki, bu da Pekinin yaxın illərdə dünyanın 1 nömrəli iqtisadiyyatı olmasına kömək edəcək. Çinin Rusiyadan yeganə fərqi odur ki, köntöy, sırf gücə hesablanan aqressiv siyasət yürütmür. Çin zamana oynayır və iqtisadi ekspansiyaya üstünlük verir. Çinin indiki davranışı Britaniya imperiyasının son 400 ildəki davranışına bənzəyir. Bazarları, ticarəti, limanları, logistikanı öz əlinə keçirir, nəzarətini təmin edir. Çinin ən zəif (dünya üçün isə yaxşı olan) tərəfi isə odur ki, ideoloji cəlbedici deyil, başqa “planetdir”, nə mədəni, nə də siyasi “şəbəkə” qurmağa hekayəsi yoxdur. Amma müxtəlif ölkələrdə əhali yerləşdirməklə əraziləri Rusiya kimi axmaqcasına “hərbi-hüquqi” deyil, iqtisadi olaraq ələ keçirir. Rusiya hələ də anlamır ki, tarixi perspektivdə Şimal “Ayısı” üçün ən böyük təhlükə Qərb deyil, məhz Çin “Əjdahasıdır”. Baykal gölündən Amur çayı boyu və Kamçatkaya qədər əraziləri sakit və uzun vadəyə yayılmış strateji iqtisadi həzmetmə siyasəti ilə nəzarətə götürəcək”.
N.Cəfərli düşünür ki, Rusiyadan fərqli olaraq, Çin üçün hüquqi əsasda həmin ərazilərin hansı dövlətə məxsus olmasının heç bir əhəmiyyəti yoxdur, əsas məsələ iqtisadi nəzarətin təmin edilməsidir:
“Kreml vəhşi işğalı, Pekin isə iqtisadi dominantlığı strateji hədəf seçib. Qərbin son 30-40 ildəki komfortlu yaşayışı və iqtisadi yüksəlişi həm də Rusiyanın “Mendeleyev cədvəlinə”, resurslarına görə idi. İndi öz əlləri ilə xammal bazasını Çinə təslim edirlər, görəsən, sonra Çinin yüksəlişinə tab gətirə biləcəklərmi?!
Qlobal geosiyasətdə yaxın 10-15 ilin əsas sualı bu olacaq…”
Follow @7timesaz