Siyasət

Daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verildi – Baş nazirdən QƏRAR

Daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verildi – Baş nazirdən QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

7times.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, AMEA üzrə Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinə yeni Biofizika İnstitutu əlavə edilib. İnstitutda da fəlsəfə və elmlər doktoru üzrə doktorantura ixtisasına qəbul olacaq.

Nazirlər Kabinetindən qərara verilən izahında bildirilib ki, AMEA-nın Biofizika İnstitutu 2016-cı ildən etibarən biofizika sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. İnstitutda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər dok­toru və 6 fəlsəfə doktoru çalışır.

İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.

Mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 2406.01 – Biofizika (biologiya, tibb, fizika, texnika), 2406.02 – Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), 2424.01 – Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.

Qərarın qəbul edilməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazırlanmasının həyata keçirilməsinə imkan yaradır.