“Prezident İlham Əliyev bu gün Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan-İran münasibətlərinə dair çox vacib nüanslar açıqladı”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, İran ən azı son 30 il ərzində Azərbaycana münasibətdə dostluq, mehriban qonşuluq münasibətləri çərçivəsinə sığmayan və beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən fəaliyyətlə məşğul olub: “Təəssüflər olsun ki, açıqlanan bu məsələlərin hər birinin məzmunu ondan xəbər verir. Təsəvvür edin, 30 il müddətində İran Ermənistanla cinayətkar əlaqəyə girərək evləri və ictimai binaları Prezidentin təbiri ilə desək, kərpic-kərpic, daş-daş sökülüb satılması prosesində iştirak edib. Eyni qaydada bu cinayətkar əlaqənin sayəsində 60 min hektara yaxın meşəmiz məhv edilib. İşğal faktoruna göz yumması bir yana, işğal dönəmində Şuşada 17 məsciddən salamat qalmış yeganə bir məscid olub ki, onu da İran ələ keçirib, fars abidəsinə çevirməyə çalışıb. Bu artıq mənəvi terror deməkdir, birbaşa beynəlxalq hüququn ayaqlar altına atılmasıdır, bəşəriyyətə yönəlik cinayətdir”.
Deputat vurğulayıb ki, üstəlik, 30 il müddətində Ermənistan İranla əlbir olaraq, Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib: “Dövlət başçısının bu fikirləri böhtanlar yağdıran İrandan fərqli olaraq, konkret fakt və sübutlara əsaslanır. Prezident özü çox gözəl bir statistika ortaya qoydu, “Azərbaycan Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa etdikdən, beləliklə də İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladıqdan sonra Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”, – deyə bildirdi. Bütün bunlar ciddi faktlardır, həm qonşuluq münasibətlərinə, həm beynəlxalq hüququn prinsiplərinə, İslam dəyərlərinə, eləcə də İranın özünün Konstitusiyasına sığmayan utancverici mənzərədir. İran İslam Respublikasının Konstitusiyasının 152-ci və 154-cü maddələrində açıq formada yazılıb ki, Tehranın xarici siyasətinin əsas prinsiplərindən biri bütün müsəlmanların hüquqlarının qorunmasıdır və bütün dünya müsəlmanlarını dəstəkləməsi zəruridir.
Biz hansı mənzərəni görürük? İran Ermənistanla cinayətkar əlaqəyə girir, 30 illik işğal faktoruna, təcavüzə göz yumur, ortaq olur, müsəlmanların bu zülmü rəva görən Ermənistana hərtərəfli dəstək göstərir. Üstəlik, bu gün də bu çirkin cəhdlərini davam edir ki, separatçılara kömək dursun.
Heç kim o qənaətə gəlməməlidir ki. Azərbaycan dövləti, yaxud Azərbaycan ictimaiyyəti İranı hədəfə alıb, qətiyyən. Bu gün bizim bir təmənnamız var ki, İran hər şeydən öncə öz Konstitusiyasını və İslam ideologiyasını rəhbər tutsun, sülh və əməkdaşlıq mühitinə töhfəsini versin. Biz təbii ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə, o cümlədən də İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzu edirik. Təəssüf ki, hələlik arzu etdiyimiz qarşılığı görmürük”.
Follow @7timesaz