Aktual

Dərmanla arıqlamağın fəsadları – Ekspertdən HƏYƏCAN TƏBİLİ   

Dərmanla arıqlamağın fəsadları – Ekspertdən HƏYƏCAN TƏBİLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam arıqlamaq çəkinin çoxluğundan asılı olaraq müəyyən vaxt, sağlam qidalanma rejiminə uyğunluq və iradə tələb edir. İstər metobolizmanın sürətləndirilməsi fonunda, istərsə də kompleks vitaminlər şəklində hər hansı kompleks müalicə gedirsə, bu həkim-dietoloqun nəzarəti altında aparılmalıdır.

Bu günlərdə xanımların bəlasına çevirilmiş piylənmə ilə mübarizədə təbii ki, hamının davranışları eyni deyil. Kimisi həkim nəzarətində arıqlamağa çalışarkən, bəziləri idman zallarına üz tuturlar. Elə insanlar da var ki, daha asan yolla arıqlamağa çalışaraq, müxtəlif dərman preparatlarından istifadə edirlər.

Qısa zamanda sürətlə arıqlamağa kömək edən həblər orqanizmdə hansı fəsadlar törədir?

Hazırda sosial şəbəkədə müxtəlif şəxsi hesablar və ya səhifələrdən satışı həyata keçirilən bu dərmanları dietoloqlar da məsləhət görürlərmi?  

“Əgər insanların üz tutduqları təhsilli dietoloqlar və nutrisioloqlardırsa, onlar dərman vasitəsilə arıqlamağa razılıq verməyəcəklər. Ümumiyyətlə, tibbdə dərman vasitəsilə arıqlama mövcud deyil”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında dietoloq Gülşən Rzayeva səsləndirib.

Onun sözlərinə görə, arıqlama dərmanları adı altında insanlara satılanlar dyuretik dərmanlar ola bilər ki, bunlar da əsasən bədəndə olan suyu çıxarırlar: 

“Bu tipli dərmanlar bağırsaqları sürətli boşaltmaqla, bağırsaq mikroflorasını pozurlar. Bağırsaq mikroflorası pozulduqdan sonra isə oradan heç bir mineralın və ya vitaminin sorulması baş vermir. Bu zaman insanlar vitamin çatışmazlığı yaşayırlar. İnsanlarda “Avitaminoz” olur və saç tökülmələri baş verir. Bu bilinən və təkrarlanan bir haldır. Təəssüf ki, insanların çoxu bunları bilərək canlarına bu cür əziyyət verirlər”.

Ekspertin sözlərinə görə, bu tipli dərmanların istifadəsi zamanı əzələlərimizdə olan su da çəki ilə birlikdə xaric olmağa başlayır.  

“Su əzələlərimizin tərkibində olan ən ağır maddədir. Həmin zaman ilk başlarda bu dərmanları istifadə edən insanlar sürətlə 5-10 kq çəki itirirlər. Əgər onlar preparatı istifadə etməzdən qabaq bədən analizator cihazına çıxıb əzələ kütləsini ölçsələr və arıqladıqdan sonra yenə də bunu yoxlasalar görəcəklər ki, onlarda “sarkopiniya” baş verir. Yəni əzələ itkisi yaranır, piy isə sürətlə artır”.

Arıqlama həblərinin insan orqanizmində yaratdığı əlamətləri də açıqlayan dietoloq bildirib ki, bu tipli dərmanların bütün istifadəçilərinə ilkin təsiri eyni olur:  

“Dərmanların qəbulu zamanı insanlarda ishal və qarın ağrıları müşahidə olunmağa başlayır. İştahın kəsilməsi fonunda ağızda quruluq yaranır. Həblərin təsirindən dolayı bəzən su içmir və ya aşırı dərəcədə su içmək istəyirlər. Hamısında eyni formada çəki itkisi baş verir. Arıqlamaq istəyən hər kəsə məsləhət görərdim ki, mütləq bədən analizator cihazlarının göstəricilərinə baxsınlar və bu zaman doğru çəki verib vermədiklərindən əmin olacaqlar”.

Arıqlama dərmanlarının mənfi təsirlərini isə ekspert kapsulların içində bağırsaq mikroflorasını pozan maddələrin olması ilə əlaqələndirib:  

“O bakteriyalar bağırsaqların mikroflorasını pozduğu üçün yediyimiz qidalar sovrulmadan kənara çıxır və qidalardan heç bir fayda əldə edə bilmirik. Nəticədə orqanizmdə vitamin mineral defisitləri və müxtəlif cür xəstəliklər yaranır. Ən doğru arıqlama üsulu düzgün rejimdir. Doğru saatlarda qidalanmaq və yuxu rejimini pozmamaq lazımdır. Bunlar qaydasında olarsa, çəki vermə prosesimiz normallaşacaq və defisitimiz olmayacaq.

Gündə 2-3 dəfə normal yemək, həmçinin vaxtında maye içmək lazımdır. Ölü su yox, aktiv su içmək lazımdır. Yalnız ionlaşdırılmış sulardan içmək məsləhətdir. Çünki yediyimiz qidalar kimi su da çürüyür, oksidləşir və ölür.

Həmçinin, axşam yeməyindən imtinaya da doğru yanaşmıram. Təbiətin bizə verdiyi təbii qidalardan istifadə etmək lazımdır. Təbii, mənşəyini bilmədiyimiz qidalardan uzaq durmaq gərəkdir. Paketləşdirilmiş, konservləşdirilmiş və ağ un məmulatlarından uzaq durmaq sağlamlığımız üçün çox xeyirlidir”.

Piylənmənin həlli üçün idman salonlarına üz tutanlara da münasibət bildirən ekspert vurğulayıb ki, bu zaman bədən üçün hansı idman növünün təyin olunması individual səbəblərdən asılı olaraq dəyişir:  

“Bu kimi hallarda da diqqətli olmaq lazımdır. Yəni hər insanın bədən quruluşuna görə idman növü seçilir. Bəzi xanımlarımızın çiyinlərində əzələ kütləsi çoxdursa, biz onlara üzgüçülük məsləhət görsək, yuxarı nahiyələrində böyümə olacaq və nəticədə onlar bədən quruluşlarından narazı olacaqlar.

Günümüzdə bəzi insanlarda hipertoniya, bəzilərində isə qan damar problemləri var. Onlara qaçış, sürətli yürüş, ağır fitnes və zumba oyunu məsləhət görmək olmaz. İdman dietoloq tərəfindən hər kəsin sağlamlığına uyğun olaraq seçilir və müayinədən sonra təyin olunur.  
Hər bir pasientə müalicə zamanı kompleks yanaşılmalıdır. Qidalanma təyini də fərdə uyğun olaraq dəyişir. Məsələn, mədə-bağırsaq problemi olanlara gündə 4-5 dəfə qidalanma məsləhət görülə bilər”.