Siyasət

“Diplomatlar susanda hərbçilər danışır” – Prezidentin köməkçisi

“Diplomatlar susanda hərbçilər danışır” – Prezidentin köməkçisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir. Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür: “Ermənistan həmişə danışıqlarda geri çəkilməyə və danışıqların əsasını və formatını dəyişdirməyə cəhd edib. Hər kəs yaxşı bilir ki, danışıqlarda əsas diqqətdə olan məqam Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi idi. Lakin Ermənistan tərəfi həmişə bundan yayınıb. Onlar hər zaman danışıqları zəiflətməyə cəhd ediblər. Danışıqlar bir şərtlə uğurlu ola bilər ki, tərəfdaş ciddidir, konstruktiv davranır və danışıqları yaxşı niyyətlə aparmağa sadiq qalır. Lakin çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görməmişik və hələ də görmürük. Bir neçə gün öncə Ermənistan Baş naziri dedi ki, bu münaqişənin diplomatik həlli yoxdur. Onlar hələ də bir-birinə əks açıqlamalar verməyə davam edir. Bir tərəfdən biz sülhdən danışan və hətta bəzi ölkələrin liderlərinə humanitar atəşkəs üçün yalvaran rəhbərlik görürük, növbəti gün biz onun Azərbaycana qarşı hücumu davam etdirdiyini, “SCUD” ballistik raketlərindən istifadə edilməsinə göstəriş verdiyini görürük. Eşidirik ki, o, biz sona qədər döyüşəcəyik deyir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan üçün əks-həmlə əməliyyatı sülhə məcburetmə əməliyyatıdır: “Sülhə məcburetmənin əsasında işğal olunmuş torpaqların azad edilməsi və həmçinin azərbaycanlı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi dayanır. Bu gün siz Bərdəni gördünüz, digər şəhərlər də məsuliyyətsiz hücumların hədəfi olub. Bu şizofren zehniyyətdən qaynaqlanır. “Smerç”, “SCUD” və digər təhlükəli silahlar məsuliyyətsiz şəkildə azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunur. Belə olan hallarda BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın özünü müdafiə hüququ var. Həmçinin fundamental məsələ hərbi işğalın sonlandırılmasıdır. Son eskalasiya göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükə mənbəyidir. İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir. Ermənistan əhalisi sülhün perspektivlərindən faydalana bilər. Azərbaycanla əməkdaşlıq Ermənistan əhalisinə rifah gətirə bilər. Çox təəssüf ki, onlar hazırda belə bir hərbi-siyasi rəhbərlikdən əziyyət çəkirlər”.