Sağlamlıq

Dönəri zəhərə döndərən SƏBƏBLƏR

Dönəri zəhərə döndərən SƏBƏBLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən dönər alan 8 nəfər zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub, 8 nəfərin hər biri evə buraxılıb. Bu tip zəhərlənmə halları əvvəllər də qeydə alınıb.
Bu baxımdan maraqlıdır, dönər nə zaman zəhərə çevrilir?
7times.az xəbər verir ki, mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamov qeyd edib ki, dönərxanalarda istifadə olunan ətlərin çoxu ucuz olur:
“Bunlar ölkəyə xaricdən idxal olunur və donmuş vəziyyətdə gəlir. Məsələn, Ukrayna, Hindistandan gələn ət məhsulları var. Dönərxanalar üçün bu ətləri emal edən müəssisələr onun buzunu açır və yenidən dondururlar ki, həmin obyektlərə satışı həyata keçirə bilsinlər. Belə olan halda isə, yəni onsuz da dondurulmuş əti yenidən dondurub istifadə edəndə zəhərlənmə halları qeydə alınır. Fikir versəniz, dönərxanalarda ətlərin qiymətləri çox aşağıdır. Bu artıq onların keyfiyyətlərinin yaxşı olmamasından xəbər verir”.
Müsahibimiz bildirib ki, digər tərəfdən dönər aparatı hər zaman işləyir və obyekt də buna görə isti qalır:
“Bəzi dönərxanalarda manqal da olur və s.  Mayonezli souslar otaq temperaturunda qalır və bu müddətdə ağırlaşma müşahidə edilir, bu da  məhsulun keyfiyyətinə təsirsiz ötüşmür, nəticədə isə, zəhərlənmə hallarına səbəb olur. Qida məhsullarının düzgün emal edilməməsini də qeyd etmək lazımdır. Məsələn, əti otaq temperaturunda saatlarla saxlayırlar, emal vaxtı uzun davam edir. Tutaq ki, 2 saata tamamlanmalı olan proses 4-5 saata qədər uzanır. Bu da qida məhsulunda mikroorqanizmlərin əmələ gəlməsinə şərait yaradır və zəhərlənmələrə səbəb olur”.
Qeyd edək ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.