“Mən “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik”.
7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “El Pais” qəzetinə verdiyi müsahibədə deyib.
Dövlət başçısı bildirib ki, bizim siyasətimiz budur: “Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar”.
Follow @7timesaz