Aktual

“Elə bil kolxoz sədridir, plan verir…” – Natiq Cəfərlidən komitə sədrinə SƏRT SÖZLƏR

“Elə bil kolxoz sədridir, plan verir…” – Natiq Cəfərlidən komitə sədrinə SƏRT SÖZLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İllərdir yorulduq deməkdən ki, süni qiymət artımı varsa, ölkədə bazar iqtisadiyyatı yoxdur. Süni qiymət artımı varsa, rəqabətli mühit yoxdur. Süni qiymət artımı etirafdır, ölkədə primitiv məmur-dövlət kapitalizm sisteminin olmasına işarədir. Pərakəndə satışda süni qiymət artımı anlayışı olmur, mümkün deyil, ölkədə heç bir qanun sahibkara qiymətqoymada məhdudiyyətlər tətbiq edə bilməz”. 

Gundem.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli son günlər ölkədə yaşanan qiymət artımı haqda danışarkən deyib.

Onun sözlərinə görə, sahibkarın yeganə öhdəliyi qazancdan vergi verməkdir:

“Pərakəndə satışla məşğul olan sahibkar 1 manata aldığını 5 manata da sata bilər, qazandığı 4 manatın bütün vergilərini verməlidir, sadəcə rəqabətli mühit olanda heç kəs qiymətləri kəskin artıra bilmir. Ölkədə yalnız Tarif Şurasının təyin etdiyi, dövlət tərəfindən tənzimlənən qiymətlərdə süni artım anlayışı ola bilər. Məsələn, Aİ-92 bir manatdır, hansısa yanacaqdoldurma stansiyası bunu 1 manat 20 qəpiyə satsa, bu qanun pozuntusu, süni qiymət artımıdır. Dövlətin vəzifəsi ədalətli hakim və tənzimləyici rolunda olmaqdır. Süni qiymət artımı məmurların himayəsində olan iri holdinqlərdə, şirkətlərdə ola bilər”.

Ekspertin sözlərinə görə, hər dəfə sahibkarlar cərimələnir və bununla da iş bitir:

“Məmləkətdə qiymət artımının səbəbləri çoxdur, obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır. Subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir.

Hər ay Gömrük Komitəsinin rəhbəri fəxrlə açıqlama verir ki, bu ay filan qədər plandan artıq pul yığmışıq, adam elə bil kolxoz sədridir, pambıq yığır. Hələ də anlamırlar ki, gömrük-vergiyə ödənilən hər manat bizim, istehlakçının cibindən çıxır.

Bu gün qısa vədədə qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman preparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir, orta-uzun vədəli yol yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır”.