Əməkdar incəsənət xadimi, tanınmış şair və yazıçısı, kinodramaturq Baba Vəziroğlu “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– İki il öncə bu tarixlərdə müharibə günlərini yaşayırdıq. Həmin vaxtlar dilimizdə köhnə marş və mahnılar, şeirlər səslənirdi. Müharibə bitdikdən sonra gözləyirdik ki, yeni marşlar, yeni şeir və romanlar, filmlər ortaya çıxacaq. Amma hələ ki gözə dəyəcək nəsə yoxdur. Sizcə, səbəb nədir?
– Bu məsələnin kökü təkcə biz azərbaycanlılara aid deyil. Ümumiyyətlə, insan unutqan olur. Xatırlayırsınızsa, həmin günlərdə bir kənd, ucalıq alınanda ölkədə toy-bayram olurdu. Həmçinin şəhid xəbərlərini böyük üzüntü ilə qarşılayırdıq. Bir sözlə, əsl eyforiya dövrünü yaşadıq, keçdik. İndi isə vəziyyət dəyişib, informasiya, diplomatiya qələbələrimizə sanki bir biganəlik var. Gecə-gündüz Qarabağ deyib ağlayan insanlar indi sosial şəbəkələrdə bəzən öz əleyhimizə fikirlər səsləndirir. Sosial şəbəkələrə baxanda iyrənirəm, ortalığa elə “çayxana” siyasətçiləri çıxıb ki, onların fikirlərini oxuyanda adamı dəhşət bürüyür. Hətta bəzi “ağzıgöyçəklər” yazdılar ki, guya biz Ermənistan ərazisinə müdaxilə etmişik və sairə. İnanın, əgər həmin an onlar mənim əlimə düşsəydi, onların hamısını güllələyərdim. Ay naşükürlər, qədirbilməzlər! Əksər ölkələrin Azərbaycana qarşı olduğu bir dövrdə, çətin coğrafi, mürəkkəb siyasi vəziyyətdə yaşayan Azərbaycan öz dişi, dırnağı ilə qazandığı qələbələri rəsmiləşdirdi, dünyaya qəbul etdirdi. Bəs sizə nə olub? Heç olmasa mane olmayın, susun. Sizin çayxana siyasətiniz axı kimə lazımdır? Mən, sadəcə, dəhşətə gəlirəm. Sosial şəbəkədə iqtidarla bağlı hansısa müsbət fikir yazan kimi, iqtidarı buraxıb, başlayırlar məni söyməyə. Özü də görürlər ki, mən onları nə blok edir, nə də dostluqdan çıxartmıram, yəni fikirlərinə hörmət edirəm, eləcə də mənim fikrimə hörmətlə yanaşmalıdırlar. Yaxşı ki, “Tik-tok”u bağlayıblar, digərlərini də bağlasalar lap yaxşı olardı, qulağımız sakit olar, ürəyimiz də bulanmazdı.
Eləcə də yaradıcılıq dövründə də eyforiya dövrünü keçdik, daha sonra sanki qurbağa gölünə daş atıldı. Müharibədən bir qədər sonra guya ki, hansısa əsərlər, şeirlər yazıldı…
– Amma yadda qalan heç nə olmadı…
– Çünki onların əksəriyyəti kampaniya xətrinə yazılmışdı.
– Yəni mən də varam deyə…
– Bəli. Kampaniya xətrinə yazılan heç vaxt yadda qalmır və yaxın tarixdə, ümumiyyətlə, onların adı heç çəkilməyəcək. Mənə elə gəlir ki, zirvəyə bir qədər uzaqdan baxmaq lazımdır. Hesab edirəm ki, bizim incəsənətin, ədəbiyyatın vəzifəsi hələ qarşıdadır. Baxın, ən gözəl filmlər, roman və əsərlər İkinci Dünya müharibəsindən illər sonra yaranmışdı. Məsələn, “Baharın 17 anı” filmi və sairə. Bir daha qeyd edirəm ki, gərək zirvəni uzaqdan izləyəsən, hadisənin içində olanda insanın gözü elə gördüyü qədər müşahidə edə bilir. Ümid edirəm ki, illər sonra yaxşı, sanballı əsərlər, filmlər ortalığa çıxacaq. İndi isə hələ ki yaradıcı insanlar bu cür əsərlər ortalığa çıxara bilməyib, içi mən qarışıq.
– Siz həm də Kinematoqrafçılar İttifaqının katibisiz. Kinodan söz düşmüşkən, uzun illərdir ki, milli kinomuz dirilə bilmir. Bəziləri buna səbəb kimi qeyd edir ki, peşəkarlıq yoxdur, bəziləri kinostudiyanın bərbad vəziyyətə düşməsini, digər böyük qisim isə maliyyə çatışmazlığını əsas gətirir. Siz necə düşünürsüz?
– Sadaladığınız bütün əsaslarla razıyam. Amma mütləq bir həqiqət var, onu əlavə etmək istərdim ki, kino, ümumiyyətlə, bahalı sahədir. Bahalı sahə dedikdə, pulu nəzərdə tutmuram. Kino bütün ölkələrin boynuna ölçülə bilmir. Məsələn, elə ərəb ölkəsi var ki, kifayət qədər imkanlıdır, amma kino ortalığa çıxara bilmir.
Sovet dövründə kino sahəsinə böyük önəm verilirdi. Lenin deyirdi ki, “incəsənətlərin ən vacibi kinodur”. Ona görə də həmin vaxtlar kino sənayesi, yaradıcılığı üçün yaşıl işıq yandırılmışdı. Bununla da kinostudiyalar yaradıldı, kinoya külli miqdarda pullar buraxıldı, ən maraqlı xarici filmlər tərcümə, dublyaj olundu və sairə. Yəni böyük bir dövlət proqramı var idi və onun nəticəsində biz bayramlarda, özəl günlərdə televiziyalarda Azərbaycan Sovet milli kinosuna baxırıq. Müstəqillik qazandıqdan sonra filmlər çəkildi, amma onlar “Tütək səsi”, “Ölsəm, bağışla” və sairə filmlərimiz kimi ola bilmədi. Çünki bir daha qeyd edirəm ki, kino çox bahalı sahədir. Onun üçün külli miqdarda vəsaitlə yanaşı, həm də böyük dövlət proqramı olmalıdır. Həm də bu 30 ildə biz kinostudiyanı dağıtdıq, ən yaxşı mütəxəssislərimiz, rejissor və operatorlarımız ölkəni tərk etdi. Məsələn, kino bəstəkarı Emin Sabitoğlu, Cavanşir Quliyev və digərləri ölkədə yaşamaq istəmədilər. Yəni kino sahəsi tamam dağıldı. İndi isə onu yenidən bərpa etmək üçün çox böyük qüvvə və əsaslı dövlət proqramı lazımdır.
Doğrudur, dövlət film çəkilişi üçün maliyyə ayırır. Amma o pul yetmir və həmin vəsaitə nəzarət yoxdur. Külli miqdarda pul ayrılan kimi rejissor onun bir qismini cibinə qoyur, digər qismini pay-pürüş edir, kim ki o pulu verir, həmin adamın da haqqı çatır və sairə. Yəni 20 ildir ki, bu sahədə çalışdığımdan artıq bilirəm ki, hansı proseslər baş verir.
– Amma bəziləri həmin səbəblərdən biri kimi kinoçuların bir araya gələ bilməməsini göstərir. Ölkədə iki kinematoqrafçılar ittifaqı var və zaman-zaman iki qurum arasında söz davaları düşür, hansı ki, bir neçə ay öncə sizin də adınız bu cür davaların birində hallandı.
– Düşünürəm ki, kinoçuların bir yerə gələ bilməməsinin səbəbi kinodur. Məsələn, tutaq ki, mən prodüserəm, əlimdə yaxşı pul var, lap faşist partiyasının üzvü olsun, pula görə gələcək. Yəni pul bütün intriqaları, müxtəlif fikirləri, problemlərin hamısını məhv edir. Bu mənada, bir çox aktyorlarımız var ki, onlar siqnal gözləyir ki, çəkilməyə dəvət olunsunlar.
Bir də ki, kinoçuların arasındakı intriqa məişət səviyyəsindədir. Yəni şəxsi münasibətlər heç cürə kinoya mane ola bilməz. Məsələn, Rasim Balayev film çəksə, Şəfiqə Məmmədovanı dəvət etsə, əlbəttə ki, Şəfiqə xanım böyük məmnuniyyətlə, Azərbaycan kinosunun inkişafı naminə təklifi qəbul edər. Sadəcə, bizlər onu qəbul edə bilmirik ki, Rüstəm İbrahimbəyovla eyni səhnəni bölüşən, eyni filmlərdə iştirak edən adamlar birdən-birə ona qarşı oldu. Yəni biz bunu qəbul edə bilmirik. Ramiz Mehdiyev, Əli Həsənov, Fatma Abdullazadə yığışıb bir yerə ittifaq yaradanda gərək kino adamları o “şirinquşa” aldanmayaydı, həmin kampaniyaya qarışmayaydılar. Özlərini həmin intriqaların fövqündə tutardı. Əlbəttə ki, Şəfiqə xanımın sənətinə kim nə söz deyə bilər? Həmçinin Ayaz Salayev və digərləri yenə də bizim dostlarımızdır. Küçədə bir-birimizi görəndə öpüşüb-görüşürük.
İkincisi də ki, iki ittifaqın olmasının heç bir mənfi təsiri yoxdur. Ölkədə yüzlərlə QHT var, bu ittifaqlar da elə QHT-lər kimi bir qurumdur.
– Siz həm də Yazıçılar Birliyinin üzvüsünüz. Oktyabrın 26-da birliyin qurultayı keçiriləcək. Bu dəfə qurumun sədri olaraq kimi görmək istəyirsiniz?
– Bu sual mənə veriləndə hər zaman cavablandırmışam ki, mən Anar müəllimə səs verəcəm. Anar elan edəndə ki, namizədliyini irəli sürəcək, mən də birmənalı olaraq bildirdim ki, ondan başqa alternativ heç kimi görmürəm. Bir də ki, Anar müəllim mənim gəncliyimin kumiri, sevimli yazıçım olub. Həmçinin qapıbir qonşuyuq, uşaqları mənim gözümün önündə böyüyüb. Yəni onunla mənim çox gözəl xatirələrim var. O ki qaldı yazıçılığına, onun masştabından danışmaq artıq olar. Hamı bilir ki, Anar böyük yazıçıdır. Həm də böyük bir təcrübəsi var. O, Rəsul Rzanın, Nigar Rəfibəylinin oğlu, yetirməsidir. Bir sözlə, bütün parametrlər üzrə mən ona alternativ heç kimi görmürəm.
– Bugünlərdə məlumat yayıldı ki, qurum qurultay keçirmək üçün girov qarşılığında kredit götürməli olub. Hər kəs üçün maraqlıdır, sizcə, hökumət niyə bu qurultay üçün maliyyə vermək istəməsin? Bəlkə doğrudan da səslənən fikirlər artıq öz təsdiqini tapır – Yazıçılar Birliyi bağlana bilər?
– Sözün doğrusu, maliyyə çatışmazlığı barədə mənim məlumatım yoxdur. Amma axı maliyyə çatışmazlığı bütün ittifaqlarda var. Məsələn, kino ittifaqında da bu problem var. Eləcə də qurultay böyük bir tədbirdir. Ora 500 nəfər yaxın elə bizim nümayəndələr var, həmçinin ölkədə olan bütün səfirlər dəvət olunur, xaricdən də xeyli qonaqlarımız olacaq. Bütün iqtidarın, nazirlərin iştirakı gözlənir. Yəni böyük tədbir olacaq və təbii ki, bunun üçün də böyük vəsait tələb olunur. Şəxsən mən 15 ildir ki, Yazıçılar Birliyində çalışıram və bilirəm ki, bir tədbiri həyata keçirmək üçün nə qədər vəsait lazımdır.
– Amma axı indiyə qədər qurultay üçün kredit götürülmürdü? Hökumət sanki bu dəfə maliyyə ayırmaqda maraqlı deyil.
– Görünür ki, hökumətin ayırdığı maliyyə yetmir, ona görə də qurum məcbur olub kredit götürüb. Əlbəttə ki, heç kim kefindən kredit götürmək istəməz. Məgər dünyada kredit kimi alçaq nəsə var? (zarafatla). Nə qədər ödəyirsən, yenə də bitmir. Bir dəfə kreditlə telefon götürdüm, hələ də ödəyirəm, bitmək istəmir (gülümsəyir).
Follow @7timesaz